QƏSİDƏ
Yığılın qönçələr o ağzı şəkərbarı görün
Açılın gül kimi bülbüllər ara yarı görün
Yaxşı avaz ilə mövlud yəman cuşə gəlib
Eşq ilə şurə gələn ud ü dəf ü tarı görün
Səbr evin yıxdı gözüm seyli onun hicrində
Daş ürək yapmağa yıxdı məni me’marı görün
Kəhrəba danəsi tək göz yaşımı düzdü ipə
Qaya tək aşiqi çapmaqda sitəmkarı görün
Kimlər istərsə o ay şəhrinə sakin olmaq
Varın o qapıya siz Heydəri-Kərrarı görün
Bizi ahu baxışı mişk saça bənd eləyib
Biz xətakarə kim idi deyən o yarı görün
Nəfsi oynatdı əlində onu meymun kimi
Qıvrılan həşrdə Mə’mun kimi marı görün
Dustlər döydüyünüz vəqt Xorasan qapısın
Bu qəribi salınız yadə bu naçarı görün
Cəmkəran torpağı vü Şahi-Xorasan qapısı
Əcəmi cənnət edən hər iki me’marı görün
Vüslətə mehr ilə ahu gözü zamin dursa
Şirə dönmüş həsədindən pişik əğyarı görün
Köynək əldə soracaqdır dodağın parəsini
Həşrdə şur ilə aşura quran zarı görün
Aşiqin qəlbinə kibrit dili od qoydu
Odlu sözlərlə sözün bilməyən əğyarı görün
Ümminin qoy qədəmin qanı axan gözlərinə*
Kərəm ü izzət ilə nurə dönən narı görün
Ayrılıq zəhri çevirmiş suya bağrım qanın
Bal dodaq yarı gedin barı sizi Tarı görün
Ya Nəbi kəsməyiniz mehr ü məhəbbət məndən
Məst edin eşq ilə Təvvabiyi-hüşyarı görün
Sinə yanğusu ilə Qövsi buyurmuş şe’ri
“Şö’lə çəkmiş gögə ol atəşi-rüxsarı görün”
*misra Ustad Seyyid Ümminin mübarək qəzəlindən təzmindir
Şərh Yaz