ŞƏMS VƏ ŞƏM’
(Qövsi Təbrizi tədqiqləri – 1)
Əruz vəznli klassik şeirdə, əsasən, 3 səbk özünü göstərir: Xorasan, Bağdad (İraq) və Hind səbki. Xorasan səbkinin əsas xüsusiyyəti odur ki, bu səbkdə daha çox mövzumərkəzli, realist, şadlıq ruhiyyəsi tərənnüm edən qəsidə janrlı şeirlər yazılırdı. Firdovsi, Nasir Xosrov kimi şairlərin dəst-xəttini bu səbkə misal göstərmək olar. Bağdad (İraq) səbkində isə əsasən qəzəl təxəllüslə bitərək müstəqil janr kimi formalaşır. Buna Mövlana Məhəmməd Füzuli, Lisanül-Qeyb – Hafiz Şirazinin üslubunu nümunə olaraq göstərə bilərik. Hind səbki isə bu iki səbkdən fərqlənir, bu səbkdə yazılan şeirlərdə xəlqi ifadələr üstünlük təşkil edir və hər zaman eyni işlənən, təkrarlanan təşbehlər artıq qeyri-səlis məntiq üzərində qurulub bir-birinə fərqli, dolanbaclı yollarla bənzədilir. Hind səbkinə isə Saib Təbrizi, Qövsi Təbrizinin şeiriyyatından nümunələr çəkmək olar.
17-ci əsrdə yaşamış Qövsi Təbrizinin şeirlərində xəlqilik öndədir və hind səbkində olduğu kimi xalq dilində işlənən sözlər, ifadələr, məsəllər geniş yer tutur. Bəzən belə fikir səsləndirilir ki, guya əruz vəznində yazan şairlər şeiri xalqdan ayırmışdı, şeir xalqın içində yox, ondan kənarda formalaşırdı və xalqa xidmət etmirdi, amma məsələyə bu cür yanaşmaq doğru deyil. Təkcə Qövsi Təbrizinin şeiriyyatı ilə də bu məsələyə yanaşsaq, görə bilərik ki, əruz vəznində də xəlqi ifadələr qabarıq şəkildə mövcuddur. Xəlqi ibarələrin, məsəllərin şeirin tərkibinində işlənməsi öz-özülüyündə mühəssinati-mənəvi, yəni məna gözəlliyi yaradan ədəbi sənət hesab olunur və buna bəlağət elmində istilah olaraq irsal-ül-məsəl deyilir. İrsal-ül-məsəlin hərfi tərcüməsi “məsəl göndərmək”dir. Misal olaraq:
Məni bülbül görəndə ğönçə tək xamuş gülşəndə
Nola gər etməsə iqbal kim tox tanımaz acı
Bülbül məni gülşəndə qönçə kimi susmuş, ağzıbağlı görsə, çevirilib baxmasa, qəbul etməsə, mənə həvəs göstərməsə, yanaşmasa təəccüblü deyil, çünki toxun acdan xəbəri olmaz.
Yəni, bülbülün işi cəh-cəh vurmaqdır, o öz gülünü görür və ötməyə başlayır, amma aşiqin yarı yanında olmadığından o səssizdir, qönçə kimi ağzı bağlıdır. Qönçə gülün açılmamış halıdır, ağzı tamam yığılı şəkildə olur, yetişəndən sonra isə gülə çevirilir, ağzı açılır və buna da divan ədəbiyyatında güli-xəndan deyilir. Xülasə, aşiqin ağzının bağlı olması qönçənin ağzının bağlılığı ilə zərif və lətif təşbeh yaradıb. Beytdə işlənən “tox tanımaz acı” ifadəsi xalq arasında işlək olan “toxun acdan xəbəri olmaz” atalar sözüdür. Şair burda tox deyərkən bülbülü, ac deyərkən isə aşiqi nəzərdə tutur. Çünki, bülbül sevdiyi gülü gördüyü, onunla qovuşduğu üçün vüsal ləzzətindən toxdur, amma aşiq öz məşuqunun vəslinə yetmədiyi üçün acdır. Və necə ki tox olan insanın acdan xəbəri yoxdur, onun aclığını hiss etmir, vəslin ləzzətindən tox olan, doyanın da bu ləzzətə çatmayanın aclığından xəbəri olmaz.
Yetməyən söz suzinə şurin nə bilsin mə’nisin
Ağzı şirin eyləməz həlva demək həlva kimi
Sözün yanğısına yetməyən vəcdə gəlməyin mənasın nə bilsin. Halva demək ağzı halva kimi şirin eləməz.
Yəni, sözün zahiri mənasını başa düşməyən, onun batinindən də xəbərdar olmaz.
Beytdəki söz, suz, şur sözləri yazılışca oxşardılar. Söz və suz ifadələri əski əlifbada bir-birindən bir hərf ilə fərqlənərək cinasi-naqis sənəti yaradır: سز- سوز
Suz və şur sözlərində isə fərqlilik yalnız nöqtələr arasındadır, bu cinasi-xətt sənətidir: سوز- شور
Şur və şirin sözləri təzaddır. Əslində, beytdəki şur sözü “vəcd” mənasında işlənib, amma şirin sözünün də beytin daxilində işlənməsi onun “duzlu” mənasını da, sadəcə olaraq, yadımıza salır. Bu isə özlüyündə eyhami-təzad sənətidir.
Beytdəki digər məna gözəlliyi isə irsal-ül-məsəldir, ikinci misrada “halva-halva deməklə ağız şirin olmaz” atalar sözü işlənib.
Müəllif: Selcan Təvvabi
Şərh Yaz