Şikənci-zülfünü görcək dedi nücum əhli
Bu ay başında əcəb fitnələr qiyaməti var
Hacı Rza Sərraf Təbrizi
(Saçının buruğunu görən nücum əhli dedi ki, bu ay başında əcəb fitnələr qiyaməti var.)
Nücum (نُجوم) sözü nəcm (نَجم) sözünün cəm halıdır. “Nəcm” ulduz, “nücum” isə ulduzlar deməkdir. Nücum ərəb mənşəli sözdür.
Fəqət zaman keçdikcə “nücum” sözü istilah kimi formalaşır. Astrologiya elminə qədimdə “Nücum elmi”, yəni ulduzlar elmi deyirdilər. Məhz bu elm sayəsində münəccimlər, yəni nücum elmi ilə məşğul olan kəslər göy cismlərini müşahidə edərək yerdəki insanların xarakterini, onların arasındakı əlaqələri və gələcəkdə baş verə biləcək hadisələri öncədən müəyyən edirdilər. Məzkur beytdə də nücum əhli dedikdə münəccimlər nəzərdə tutulub. Bu beytdə şeirin ədəbi gözəlliyini təşkil edən mənəvi sənətlərdən “eyham” işlənmişdir.
Eyham sənətinə bu cür tərif verilir: bir kəlmənin və ya ifadənin bir neçə mənası olur. Şair həmin kəlməni bir dəfə işlətdikdə ya mənaların bəzisi işlək olur, bəzisinə işarə olunur, ya da ki bütün mənalar işlək olur.
Şair burada “bu ay başında” əvəzinə “bu ayın əvvəlində” ifadəsini və ya başqa bir ifadə də işlədə bilərdi. Amma məhz “bu ay başında” ifadəsini işlədərək eyham yaradır. Əgər “bu ay əvvəlində” yazsaydı, onu sadəcə bir mənada anlamaq olurdu. “Ay başında” olduğu halda isə “ay” kəlməsini iki mənada anlamaq mümkündür:
1. Orta hesabla 29 günlük zaman vahidi
2. Səma cismi (sevgiliyə istiarə)
Birinci mənanı götürsək, “bu ayın əvvəlində fitnələr qiyaməti var” şəklində anlaşılacaq. İkinci mənanı götürdükdə isə ay kəlməsini şairin vəsf etdiyi sevgiliyə istiarə kimi qəbul etmək olar. “İstiarə” bəyan elminə aid istilahdır. Bənzətmə və ya köçürmə əsasında qurulan bədii-poetik vasitədir, amma istiarədə təşbihdən fərqli olaraq yalnız bənzədilən tərəf işlədilir. Sərraf Təbrizidən təqdim olunan beytdə işlənən istiarədən klassik ədəbiyyatımızda çox geniş istifadə olunub. Yarın üzü və ya vücudu nurani və gözəl olduğuna görə aya bənzədilib. Məhz bu beytdə də bu mənanı məqbul saymaq olar. Çünki beytin birinci misrasında “zülf” (saç) kəlməsi işlənmişdir. Saç isə başda olur.
Saçının buruğunu görən nücum əhli dedi ki, o ayüzlünün başında fitnələr qiyaməti var.
Beytdə işlənən “şikənci-zülf”, yəni, “saçın buruğu” ifadəsi isə Əqrəb bürcünə işarədir. Çünki əqrəb həşəratı ilə burulmuş saçın arasında zahiri oxşarlıq vardır. Nücumi nəzriyyəyə əsasən ay əqrəb bürcündə olduğu zaman bədbəxt hadisələr baş verə bilər. Buna görə də şair münəccimlərin bu ay başında fitnələr qiyaməti var dediyini yazır.
Fitnə və qiyamət sözləri də bir-birilə tənasüb təşkil edir.
Saçın buruğunun əqrəbə, üzün aya bənzədilməsinə dair klassik divan ədəbiyyatından bir çox nümunə göstərmək olar. Məsələn, Mövlana Məhəmməd Füzuli bir bəndində belə yazır:
Ol ləhzə kim sataşdı gözüm zülfü ruyinə
Əqrəb məhi-münirə vətəndir? – dedim dedi
Ey çox xətalı kəndi qiranındürür sənin
(O vaxt ki gözüm üzünə və saçına sataşdı, “əqrəb parlaq aya vətəndir?” dedim. Ey çox xətalı, öz qiranındır dedi.)
Farsdilli ədəbiyyatda da bu mövzuya aid nümunələr vardır. Əfsər Kirmani yazır:
عقرب سر زلفت، با قمر قرین باشد
تا قمر به عقرب هست، روز ما چنین باشد
(Sənin saçının əqrəbi qəmərlə yaxın oldu, qəmər əqrəbdə olduqca günlər necə olar.)
Şərh Yaz