Ana Səhifə Məqalələr Füzuli yadgarı – Əliağa Vahid – Seyyid Əsrinin məqaləsi
Məqalələr

Füzuli yadgarı – Əliağa Vahid – Seyyid Əsrinin məqaləsi

Paylaş
Əliağa Vahid
Paylaş

FÜZULİ YADGARI

Yenə meydan oxuyur ğəmzələrin cəlladə
Əhsənullah səni tə’lim edən ustadə

Hacı Mail Nardarani
(damə zilluhu)

Doğru deyirlər ki, hər zəman bir aşiqin dövranıdır. Divan ədəbiyyatımızın ötən əsrin əvvəllərindəki ən müqtədir nümayəndəsi, sözsüz ki, Mirzə Əbdülxaliq Yusifdir. O özündən sonra bu qədim yolun Həqdən tə’yin edilmiş yeni yolgöstərəninin Əliağa Vahid olacağını sağlığında duymuş və ona mübarək nəfəsli bir ustad xeyr-duası kimi təxəllüs verib digərlərindən fərqləndirmişdir ki, bunu Vahidin öz beytindən fəhm edirik:

Mənə təxəllüsi Yusif verib dedi Vahid
Gərək də fərqlənəsən sən bu xüdnümalər ilə

Ustadım Seyyid Ümminin nəzərincə, Vahid qəzəli əvam xəlq səviyyəsinə endirib dillərə salmaqla dövründəki qədim ədəbi irsə qənim kəsilən Şura şairlərinin çəngindən xilas edərək yaşatmağı hədəfləmiş və buna nail olmuşdur. Tək başına zəif çiyinlərində bu ağır əmanət yükünü daşıyıb çatdırdığına görə özündən sonrakı qəzəl şairləri ona borcludur. Qəzəl əgər bir qalibdirsə, heç şübhəsiz, irfan onun ruhudur. O, əksər qəzəllərində bircə beytdə olsa belə, təqdir olunmuş xas mə’nəvi xələfinə çatacaq ulu sələflərindən əxz etdiyi incə irfani mətləbləri ümumun diqqətini məşğul edən sadə dilli və nisbətən yüngül məzmunlu beytlərlə əhatələyərək göz bağlayıcı sehrkarlıqla gizlətmişdir ki, bu mətləblərin şərhi ayrı bir məqalə mövzu’udur. Şair özü dövrə uyğunlaşmanın vacibliyini

Öz əsrinin mühitinə hər kim yanaşmasa
Tez məhv olub gedər ona mədfun gözilə bax

şəklində bəyan edib, “xəlq şairi” rütbəsi almaqdan qat-qat çətin və şərafətli olan elin qəlbində təxt qurmağının səbəbini sadə dildə incə qəzəllər yazmağında görürdü:

Sadə dildə bu qədər incə ğəzəllər ki yazır
Bu yetər Vahidin həqqində ki el şairidir

Bə’zən bu sadəlik onun beytlərində səhli-mümtəne’, yə’ni çətin ələ gələn asanlıq səviyyəsinə çatır. Məsələn, aşağıdakı beyti fani cəhanı kirayə evə bənzədərək o qədər fəsih və rəvan tərzdə demişdir ki, bu asanlıqda söz yaratmaq əslində çox çətindir:

Vahid cəhanə bağlama bel yoxdur axiri
Guya bir evdəsən ki beş-on gün kirayədir

“Elmi-əş’arı gərək yaxşı ğəzəlxan oxusun” misra’i ilə özünü yadgarı saydığı Mövlana Füzulinin elmsiz şe’r əsası yox divar olur əsassız divar ğayətdə bie’tibar olur hökmünü təsdiqləyən Vahid öz şe’riyyatında sadə dillə bəlağət fənlərini tətbiq edərək canlı söz yaratmağa nail olmuşdur ki, sözümüzün canı da məhz budur. Yə’ni bu məqalədə qəsdimiz bir neçə misalda Vahid şe’rinin bədii sən’ətkarlıq xüsusiyyətləri ilə oxucularımızı bir az da yaxından tanış etməkdir.

Beyt:
Gözəlim el duyar axir mənə az qaş-göz elə
Bir də aldanmaram ölsəm də vəfasız gözələ

Bu mətlə’nin sonundakı gözəl sözünün əvvəlində də təkrar edilməsi təsdir sən’ətidir, həmqafiyələr, yə’ni göz elə və gözələ ifadələri mürəkkəb cinasdır. Həmçinin qəzəlin tez elə, təzələ, xəzələ, düşməz ələ, düzələ, ğəzələ şəklindəki digər həmqafiyələri də cinas üstündə qurulub.

Beyt:
Sən adəm ol ədəblə mey iç uyma cənnətə
Kövsər cəhənnəmə sənə qoy qismət olmasın

Burada cəhənnəmə ləfzi həm cənnət ilə təzad, həm də acıqlı tərzdə qeyri-mühimlik bildirən bir ifadə kimi eyhamdır. Cənnət və Kövsər arasında tənasüb vardır və Adəm kəlməsinin cənnətə nisbəti olan Adəm peyğəmbər mə’nasında deyil, sadəcə insan, daha dəqiq desək, mə’rifətli insan mə’nasında işləkliyi eyhami-tənasübdür. Ədəblə sözünün həm özündən öncəki adəm olmağın, həm də özündən sonrakı mey içməyin sifəti kimi anlaşıla bilməsi sehri-həlaldır. Mey və Kövsər də təzaddır.

Beyt:
Qaşın xəyalı çəkib aşiqini mehrabə
Qoyanda səcdəyə baş rast gəldi şəmşirə

Buradakı məzmun Həzrəti Əlinin (ə) məşhur mehrab önündə səcdə zəmanı başından qılıncla zərbətlənib şəhadətə yetməsi vaqe’əsinə işarədir ki, bu da təlmih sən’ətidir. Qaş, mehrab və şəmşir sözləri arasında bənzətmə əlaqəli tənasüb vardır. Aşiqin mehraba çəkilməsinə mə’şuqun qaşını xəyal etməsi kimi bədii səbəbin göstərilməsi hüsni-tə’lildir.

Beyt:
Dedim ey gül mən əzəldən də gözəl aşiqiyəm
Dedi sən ruhunı eşq ilə cəvan eyləmisən

Burada dedim və dedi kəlmələri ilə müraci’ə və ya sual və cəvab sən’əti hasil olubdur ki, buna bütün ğəzəl boyu riayət olunub. Eyni köklü eşq və aşiq sözləri iştiqaq sən’əti nümunəsidir. Gül sözü mə’şuqun istiarəsidir. Həmqafiyəsi olan gözəl ilə yaxın qoyulub izdivac sən’əti yaradan əzəl sözühəm “əvvəl” mə’nasın daşıyaraq, həm də ruh kəlməsi ilə nisbətdə “Ələst bəzmi”nə təlmih olaraq eyhamdır.

Beyt:
Bir laləüzlü fitnəbaxışlı şəkərləbin
Fərhadı oldum eşqi ilə sinə dağladım

Burada yarın üzünün laləyə, baxışının fitnəyə, dodağının şəkərə təşbih yönü və təşbih ədatı göstərilmədən bənzədilməsi təşbihi-bəliğdir. Mə’şuqa aid laləüzlü, fitnəbaxışlı və şəkərdodaqlı sifətlərinin sıralanması tənsiq-üs-sifat, lalə ilə sinə dağlamaq bənzətmə əlaqəli tənasüb, “Fərhad və Şirin” dastanına işarə edilməsi təlmih, öz əsli mə’nalarında işlək olub Fərhad surətinə nisbətlə şəkər sözünün dastan qəhrəmanlarından ləfzən Şəkəri, mə’nən Şirini; dağlamaq sözünün isə Bisütun dağını andırması eyhami-tənasübdür.

Beyt:
Gəzdi əldən-ələ ayinə də çox fəxr elədi
Aqibət əksi-rüxün söykədi divarə onu

Burada güzgünün yarın üzünün əksi tərəfindən divara söykədilməsinə əldən-ələ gəzib fəxr etməsi kimi gözəl bir bədii səbəb icad edilməsi hüsni-tə’lildir. Həqiqi mə’nası ilə yanaşı əldən-ələ gəzmək ibarəsinin çox izzətli olmaq, divara söykəmək ibarəsinin isə “çıxılmaz vəz’iyyətə salmaq”, “sıxışdırmaq”, “qısnamaq” kimi öz məcazi mə’nasında da işlək olması eyhamdır. Güzgünün fəxr etmək, yarın üzünün əksinin isə divara söykəmək sifəti ilə canlandırılıb şəxsləndirilməsi təşxis sən’ətidir.

Beyt:
Gözəl həyatını Vahid fənayə sərf etmə
Səni zəmanə yetirməz dübarə bir dənəsən

Bu məqtə’də ğəzəlin rədifi ilə mütəradif, yə’ni eynimə’nalı olan Vahid sözünün şairin təxəllüsü kimi səslənməsi eyhami-təradüfdür ki, bu sən’ət də özlüyündə hüsni-təxəllüsə*, yə’ni təxəllüsün gözəl istifadəsinə müqəddimə olmuşdur. Dü, yə’ni “iki” ilə bir kəlmələri isə təzad yaratmışdır.
Ümidvarıq ki, gənc qəzəlxanlarımız da Vahid üslubundan yararlanaraq ləfz və mə’na gözəllikləri ilə dolu sadə dilli ğəzəllər yaratmağa nail olacaqlar. Allah dahi ğəzəlxanımızın ruhunu şad etsin.

Müəllif: Seyyid Əsri

Qeydlər:
damə zilluhu – kölgəsi daimi olsun.
Hüsni-təxəllüs – hüsni-təxəllüsün qədim tə’rifi təxəllüs sözünün “xilas olmaq” mə’nasına binaən girişdən əsas məqsədə xüsusən qəsidədə təğəzzül yaxud təşbibdən mədhiyyəyə gözəl keçid etməkdir. Sonradan məxsusən türk ədibləri təxəllüsün “şairin şe’rdəki adı” mə’nasını əsas götürərək təxəllüsləşmiş sözün (məxləs) lüğəvi mə’nasının da andırılması və ya işlək edilməsini hüsni-təxəllüs, yə’ni təxəllüsdən gözəl istifadə adlandırmışlar.

Mənbə:
Mə`rifət inciləri, N2, 2021, səhifə 29-31.

Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Məqalələr

Hacı Rza Sərraf Təbrizinin bir beyti barədə – Məcid Dövrinin məqaləsi

Şikənci-zülfünü görcək dedi nücum əhli Bu ay başında əcəb fitnələr qiyaməti var...

Məqalələr

Şəms və şəm’ – Selcan Təvvabinin məqaləsi

ŞƏMS VƏ ŞƏM’ (Qövsi Təbrizi tədqiqləri – 1) Əruz vəznli klassik şeirdə,...

Məqalələr

Kinoda rədd-ül-mətlə – Məhəmməd Mədəninin məqaləsi

Kino sənətinin Avropada yarandığına baxmayaraq, zaman keçdikcə təkcə Avropa mədəniyyətində deyil, müxtəlif...

Məqalələr

“Fatihə”nin fəthi – Cəsur Nari (Seyyid Ümmi)

Fəthi-meyxanə üçün oxuyalım fatihələr Ola kim, yüzümüzə açıla bir bağlu qapu Mövlana...