Aslanlı Selcan Mahir qızı 17.02.2007-ci ildə Bakı şəhərində dünyaya gəlib. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alır. AMİN İctimai Birliyinin üzvüdür. Təvvabi təxəllüsü ilə şe’rlər yazır. AMİN TV-də yayımlanan “Şirin gerçəklər” verilişinin aparıcısıdır.
QƏZƏLLƏR
Ustad Seyyid Ümmiyə nəzirə
Dur ayağ üstə qiyam et qədinin qurbanı
Dövr elətdir meyi heyran elə bu dövranı
Xal şövqilə hanı çilləkeş Ustadım tək
Şərh edən nüktə ilə Fatiheyi-Qur’anı
Dolanım başına pərvanə kimi saqi nola
Dur ayağı ələ al yanmada bağrım qanı
Qaş çəkib yar yarır eşq çölündə cigərim
Cigərim qanı ilə ta sulayır meydanı
Körpə könlümdə bəbək tək göz açıbdır kiprik
Bələyib ağ bezi al qanə qəra peykanı
Doldur ey saqi küpü məclis ara süz getsin
Çəkərək al ürəgimdən bir avucluq qanı
Dustlər cəm’ ola Təvvabi bəhar ayında
İçəlim yad edərək qönçə dodaq cananı
***
Əğyarı dün süründürübəm dizlə dağ ilən
Görməz gözüm ki qan dolubdur çanağ ilən
Aç saqi acı mey ilə doldur bu şişəmi
Axşam qapını döyübəm boş ayağ ilən
Yaxdım bu köksü əldə yanıq könlümü tutub
Atəş yüzün soraq edirəm ol çırağ ilən
Aşiq gələrsə vüslətə şəkkər dil olgilən
Əyləşsə yegdü ev yiyəsi bir qonağ ilən
Süzdüm əyaqə qanımı ey mey dodaqlı gül
Həm közdə qovrulur cigərim duz ü yağ ilən
İsa bulağıdır gözü tərsa ayağını
Hər gün bu qarəbağlı yuyur ol bulağ ilən
Eşqində canı kiprig ü qəmzən şəhid edib
Təvvabi dəfn edildi gülüm qanlı ağ ilən
***
Mənimlə bir gün ola yar yar ola nə ola
Könül muradi ilə ruzgar ola nə ola
Qızarmadı üzü ey gül umanda al dodağın
Üzündə ya Rəb o əğyarın ar ola nə ola
O gün ola yığılaq dustlərlə qönçə kimi
Açan könülləri gül yüzlü yar ola nə ola
Boyun bəlasın alım hicr uzandı saçın tək
Ki qıyma şərbətimiz zəhrimar ola nə ola
Savuldu məclisimiz getdi mütrüb ü saqi
Nəva çəkəndə könül meylə tar ola nə ola
Ən ali duyğunu təhqir edir nədən bu bəşər
Vəfa vü mehri riyadən kənar ola nə ola
Rəqib fitnəsi yarın gözündə saldı bizi
Baxışlarında bizə e’tibar ola nə ola
Nə söyləmişsə vəfasız yalandı doğrusı bil
Gülüm yanında onu kaş xar ola nə ola
Dodağı həsrəti Təvvabi qanımız içdi
Nə ayrılıq ola nə intizar ola nə ola
Şərh Yaz