Ana Səhifə Məqalələr Divan ədəbiyyatımızda “İlləti-ğayi” – Seyyid Əsrinin məqaləsi
Məqalələr

Divan ədəbiyyatımızda “İlləti-ğayi” – Seyyid Əsrinin məqaləsi

Paylaş
Paylaş

Divan ədəbiyyatımızda digər elm sahələri kimi, bəzən fəlsəfəyə aid istilahların da işlənilməsi müşahidə olunur. Onlardan biri də “illəti-ğayi”dir. İllət sözünün lüğəvi mənaları kimi, istilahi mənaları da müxtəlifdir. Məsələn, tibb elmində xəstəlik, əruz elmində misraların son təfilələrinin qalıcı olaraq dəyişməsi, sərf elmində 3 xas hərfin (əlif, vav, yə) səsləniş baxımından müxtəlifləşməsi, fəlsəfi istilah olaraq isə bir işin baş verməsi üçün vacib olan səbəb, şərt kimi mənalandırılır. Ğayi isə ğayətə mənsub olan deməkdir. Ğayət bir şeyin son həddinə, nəhayətinə və məqsədə deyirlər ki, beləcə illəti-ğayi sondakı və yaxud məqsəd olan illət anlamına gəlir. Ümumiyyətlə, qədim fəlsəfədə illiyyət (səbəblilik) bəhsi var ki, səbəbə illət, nəticəyə mə’lul deyiblər.

Böyük ədib Nasir Xosrov Qubadyaninin farsca bir risaləsi var: “Came’-ül- hikməteyn” – iki hikməti cəm edən (kitab). İki hikmətdən məqsəd iki dünyanın hikmətidir. O risalənin əvvəlində “Kitabın təsnif səbəbi və adı” başlıqlı bir fəsil açır və orda belə bir mövzuya toxunur ki: “Bu kitab hadisdir (sonradan yaranmış, qədim olmayan). Hər bir hadisin hüdusu, yəni ortaya çıxması üçün 5 illət lazımdır.

Nasir Xosrov həmin 5 illəti bir dülgərin şah üçün taxt düzəltməsi misalı ilə izah edir:
1.İlləti-failə. Edən, işi görən. Bu dülgərin özüdür ki, taxtı düzəldir.
2.İlləti-aləti. Taxtı düzəltmək üçün lazım olan mişar, rəndə və başqa alətlər.
3.İlləti-həyulani və ya illəti-maddi. Həyula fəlsəfədə bir şeyin əsli maddəsinə deyirlər. Yəni taxtın düzəldiləcəyi taxta maddəsi.
4.İlləti-suri və ya illəti-surəti. Yəni taxtın surəti, görkəmi, görünüşü, görüntüsü.
5.İlləti-ğayi və ya illəti-təmami. Bu sondakı, məqsəd olan, tamamlayıcı səbəbdir. Padşahın əyləşməsi üçün taxtın lazım olması bu işdə illəti-ğayidir.

Hikmət əhlinə görə, sıra etibarı ilə birinci illət elə illəti-ğayidir, çünki o olmadıqda digər illətlərin hazır olmasının bir mənası olmaz. O səbəbdən deyirlər ki, “əvvəl-ül-fikr axir-ül-əməl” – Fikrin əvvəli(ndəki) işin axırı(ndakı)dır. Dülgərin birinci fikri şahın əyləşməsi üçün bir taxt düzəltmək idi. Amma, təbii ki, o taxtın tam hazır olmasından sonra şahın ona əyləşməsi baş verə bilər. Yəni iş bitəndən sonra baş verəcək mərhələ fikirdə başlanğıc nöqtədir. Və müəllif söyləyir ki, bunları şərh etməkdə məqsədim odur ki, hər bir kitabın yazılmasında da həmin 5 illət vacibdir:

İlləti-failə kitabın müəllifidir. İlləti-aləti qələm və onu yonan bıçaqdır. İlləti-həyulani kağız və mürəkkəbdir. İlləti-surəti söz və xütbələrdir. İlləti-ğayi isə kitabda yazılan elmi axtaran şəxsə çatdırmaqdır. Və daha sonra buyurur ki, həqq dinin hikmət sahibləri zaman və məkan illətlərini də bunlara əlavə edib saylarını yeddiyə çatdırıblar.

Qeyd edək ki, Ərəstu (Aristotel) fəlsəfəsində bu illətlərin sayı dörddür. Ərəbcə tərcümələrdə iləli-ərbəə (4 səbəb) adı ilə məşhurdur. İlləti-aləti orada yoxdur.

Divan şeirimizdə yaradılışın illəti-ğayisi dedikdə bir neçə məna nəzərdə tutulur və bu mənalar sözsüz ki, ayət və hədislərdən qaynaqlanır. Onlardan birincisi Həzrəti Muhəmməd(s)in mübarək varlığıdır ki, bu əlaqə Qurani-Kərimin “Rəhmətən lil-aləmin” aləmlər üçün Rəhmət (Ənbiya 107) təbirindən nəşət tapır.

Seyyid Əzim Şirvani Peyğəmbər vəsfində olan qəzəlinin bir beytində yazır:

Sən cövhər ərəz aləm sən əsl tüfeyl adəm
Həm illəti-ğayisən həm illətəsən məbda

Sən cövhərsən, aləm ərəzdir, sən əslsən, adəm sənin tüfeylindir. Həm illəti-ğayisən, həm illət üçün məbdasan, yəni illət üçün başlanğıcsan.

Əbdülxaliq Cənnəti Mövlana Füzulinin nət üslubunda qələmə aldığı qəzələ yazdığı təxmisdə

Kə’bə bamindən enüb bu gecə tağüt ü Hübəl
Taği-Kisrayə düşüb bu gecə asib ü xələl
Atəşi-Pars sönüb Savə olubdur əsfəl
İlləti-ğayi edübdür səni Xəllaqi-əzəl (və ya Xəllaq əzəl)
Ey vücudun əsəri xilqəti-əşya səbəbi

Həzrəti Rəsulullahın dünyaya gəliş gecəsində baş verən – Kəbənin üzərindən bütlərin yerə düşməsi, taqi-Kisranın çatlaması və bir sütununun yıxılması, Savə gölünün quruması, Pars (Fars) atəşkədəsinin sönməsi kimi bəzi əlamətləri sayır. Füzulinin son misradakı ey varlığının təsiri nəsnələrin yaranma səbəbi olan xitabını Uca Yaradanın əzəldə Peyğəmbəri illəti-ğayi qərar verməsi ilə əsaslandırır.

Nizami Qaramanlı bu istilahı [Ləvlakə lima xələqtu-l-əflak] لَوْلاكَ لَمَا خَلَقْتُ الْأَفْلاكَ Sən (Həzrəti Peyğəmbər) olmasa idin, fələkləri (aləmləri) yaratmazdım hədisinin əvvəlindən bir hissəni iqtibas etməklə Həzrəti Xatəm-ül-Ənbiyaya aid edir:

Kövneynə zatı illəti-ğayi degülmisə
Ləvlak ilə xitab ola idi əcəb ana

Onun, yəni Həzrəti Muhəmmədin (s) zatı iki dünyaya illəti-ğayi deyil imişsə, Ona lövlak ilə xitab (edilməsi) təəccüblü olardı.

Qazi Bürhanüddin Həzrəti Peyğəmbərə edilməli itaəti illəti-ğayi adlandırır:

Bən ü yüz bin bənüm kibi fəda olsun ayağuna
Ki icadumuza bizüm tapundur illəti-ğayi

Mən və yüz min mənim kimisi sənin ayağına fəda olsun ki, bizim vücuda gəlməyimizdə illəti-ğayi sənə itaət etməkdir.

Mirza Əbdülxaliq Yusif isə illəti-ğayini [İlahi] eşq və məhəbbət kimi mənalandırır:

Məhəbbətdəndür icad ü təkəvvün
O olmazsa bu ruhəfzalıq olmaz
Cəhanın illəti-ğayisidür eşq
Bu olmazsa bütün dünyalıq olmaz

Var etmə, yaxud var olma məhəbbət vasitəsi ilədir. O (məhəbbət) olmazsa, bu ruhartıranlıq ola bilməz. Eşq cahanın illəti-ğayisidir. Bu (eşq) olmazsa, bütün dünya (və onda olan nəsnələr) olmaz.

Bu qənaət də məşhur bir hədisi-Qüdsidən hasil olub:

کُنْتُ کَنْزاً مَخْفِیّاً فَاحْبَبْتُ أنْ أُعْرَفُ وَ خَلَقْتُ الْخَلْقَ لِکَیْ أُعْرَفَ

Mən bir gizli xəzinə idim, istədim (məhəbbət etdim) ki, tanınam və yaradılışı yaratdım ki, tanınam.

Seyyid İmadüddin Nəsimi isə illəti-ğayidən məqsədin xəlifətullahlar, vəliyullahlar, yəni kamil insanlar olduğunu farsca divanında belə bəyan edir:

علت غایی ز امر کن فکان ما بوده‌ایم
جمله اشیا را حقیقت جسم و جان ما بوده‌ایم

“Kun fəkan” əmrindən “illəti-ğayi” biz olmuşuq, həqiqətən bütün nəsnələrin cisim və canı biz olmuşuq.

Kun fəkan ifadəsinin ərəb dilindən hərfi tərcüməsi “ol və (sonra, dərhal və s.) oldu”dur. Qurani-Kərimin 8 ayəsində keçən Kun fə yəkun kəlamından ləfzən dəyişikliyə uğramış bir iqtibasdır. Kun ərəbcə ol əmridir, fəyəkun isə olur və ya olar feilidir. Bu ayələrin hamısında ortaq məzmun budur ki, Allah bir nəsnəni yaratmaq istədikdə ona ol deyər və o da olar. Həzrəti Nəsimi söyləyir ki, Allahın ol əmrindən ki -dediyi dərhal olur – “illəti-ğayi” bizik, biz deyərkən özü kimi həqiqətpərvər insanları nəzərdə tutur.

Göründüyü kimi, divan ədəbiyatımızda yaradılışın illəti-ğayisi dedikdə əsasən ümumi anlam baxımından misal gətirdiyimiz beytlərdəki məfhumlara işarə edilir, daha xüsusi mənalandırmalar isə istisna qəbilindən hesab oluna bilər.

Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Məqalələr

Sərrafi-süxən – 2 | Məcid Dövrinin məqaləsi

Ötən bəhsimizdə Hacı Rza Sərraf Təbrizinin bir beytində işlənmiş eyham nümunəsini təhlil...

Məqalələr

Şəms və Şəm’ – 2 – Selcan Təvvabinin məqaləsi

ŞƏMS VƏ ŞƏM’ (Qövsi Təbrizi tədqiqləri – 2) Əruz vəznində yazan şairlərin...

Məqalələr

Sərrafi-süxən – Məcid Dövrinin məqaləsi

Şikənci-zülfünü görcək dedi nücum əhli Bu ay başında əcəb fitnələr qiyaməti var...

MəqalələrQuş Dili

Şe’r və şair haqqında – Seyyid Cəmalüddin Əsədabadi

Seyyid Cəmalüddin Əsədabadi Əfğani Şe’r və şair haqqında Bəzi insanlarda bir əcəb...