Fəthi-meyxanə üçün oxuyalım fatihələr
Ola kim, yüzümüzə açıla bir bağlu qapu
Mövlana Məhəmməd Füzuli
Fəttah Allahın izni ilə
Məcmuəmizdə müqəddəs kitabımız olan Qurani-Kərimin üslubuna sadiq qalmağı vəzifə bildiyimizdən ilk məqaləmizi də ilk surə olan Fatihənin fərqli bir təfsirinə həsr etdik. Həqiqətən, Fatihə Allahın Qurani-Məcidə bərabər tutduğu əzəmətli bir surədir ki, onun vəsfində “And olsun ki, sənə ikilənən yeddini və uca Quranı verdik” (Hicr, 87) ayəsini nazil etmişdir. Səb`ül-məsani, yəni ikilənən yeddi ifadəsindən məqsəd həman Fatihədir ki, Məkkə və Mədinədə olmaqla iki dəfə nazil olduğuna görə və ya gündəlik namazların ilk iki rükətində oxunmağı vacib olduğundan belə adlandırılmışdır.
Həzrəti Rəsulullahdan (s.ə.v.a) yetişən xəbərdə Fatihə surəsini oxuyan şəxsə nazil olmuş bütün səmavi kitabları oxumaq savabı əta edildiyi bəyan olunur. Həmçinin, o həzrətin “Fatihəsiz namaz namaz sayılmaz” hədisi iman əhlinə bu surəni oxumağın nə dərəcədə mühüm olduğunu çatdırır. Əfsus olsun ki, dövrümüzdə namazdan uzaq həmvətənlərimiz bir yana, hətta bir çox namaz qılanlar da hər gün dəfələrlə bu surəni əzbər oxuduqlarına baxmayaraq nəinki onun təfsirindən, tərcüməsindən belə xəbərsizdirlər.
İmam Əliyə (ə) nisbət verilən məşhur “Bil ki, Allahın bütün sirləri səmavi kitablarda, səmavi kitabların bütün sirləri Quranda, Quranda olanlar Fatihədə, Fatihədə olanlar Bismillahda, Bismillahda olanlar Bismillahdakı ba (ب) hərfində, bismillahdakı ba hərfində olanlar isə onun altındakı nöqtədədir, mən ba hərfinin altındakı nöqtəyəm” rəvayətindən də Fatihənin Quranı ehtiva etdiyi məlumumuz olur.
Ümumiyyətlə, Allahü Təala Vaqiə surəsində insanları üç zümrəyə ayırır. Birinci zümrəyə daxil olanlar “əshab-ül-məymənə” və ya “əshabül-yəmin”, yəni sağ tərəf sahibləridir ki, əqlin hədləri daxilində kəsbi elmlər ilə ilahi ayətlərin ancaq zahirini dərk edə bilirlər.
İkinci zümrəyə aid olanlar “əshab-ülməş`əmə” və ya “əshabüş-şimal”, yəni sol tərəf sahibləridir ki, nəfslərini özlərinə Tanrı qəbul etdiklərindən qəlblərinə möhür vurulmaqla ilahi mərifətə yetməkdən məhrum qalırlar.
Üçüncü zümrəni təşkil edənlərlər isə “əs-sabiqun”, yəni öndə olanlardır ki, arınmış qəlblərinin gözü ilə ənfüs və afaqda Allahın qoyduğu ayətləri olduğu kimi görərək eynül-yəqinə çatır, elmi-lədünni yəni qeybi elmlərlə ilhamlanaraq kəşf və kəramət əhli olurlar. Allah bu kəsləri müqərrəblik, yəni ona yaxın olmaqlıq sifəti ilə vəsf edir.
Fatihə surəsinin təqdim edilən bu fərqli təfsiri də ustadım Seyyid Ümminin o qəbildən olan batini kəşflərindəndir. Seyyid öz təfsirində iki üsulu əsas tutur ki, onlardan birincisi “Biz ayələrimizi şükr edən bir tayfa üçün bu cür çeşidli izah edirik” (Əraf, 58) deyən Allahın kəlamını onun öz kəlamı ilə izah etməkdir. İkinci üsul isə “Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) ona tərəf yönəl” (Müzəmmil, 8) hökmünə əsasən birinci növbədə ayələrdə ən mühüm məqam olaraq Allahın əsmasına (adlarına) diqqət etmək, ümumi məzmunun şərhini onun üzərində qurmaqdır.
Ustad “Bismillahir-Rəhmanir-Rəhim”, yəni “Rəhman və Rəhim olan Allahın adı ilə” ayəsinin təfsirində əvvəlcə Adəmə adları öyrədən Allahın niyə məhz Rəhman və Rəhim adları ilə özünü tanıtdığını şərh edir. Belə ki, Allahu Təala ayədəki Allah ismi ilə birbaşa öz münəzzəh Zatına işarə etdiyi halda, Rəhman və Rəhim adları ilə hər şeydən əvvəl sonsuz rəhmət sahibi olduğuna işarə edir. Rəhman adının əvvəl gəlməsi Allahın ümumi rəhmətinin cümlə məxluqata, Rəhim adının sonra gəlməsi isə xüsusi rəhmətinin Adəm övladına şamil olunduğunun göstəricisidir ki, bu bölgüyə müvafiq olaraq “biz öz əlamətlərimizi onlara afaq və ənfüsda göstərəcəyik” (Füssilət, 53) ayəsində də birinci insanı əhatə edən xarici aləm mənasında olan “afaq” (hərfən üfüqlər), ikinci isə insanın özü, yəni batini aləmi mənasınında olan “ənfüs” (nəfslər) kəlmələri işlənmişdir. Həmçinin, Allah “Rəhmətim hər şeyi əhatə etmişdir” (Əraf, 156) ayəsində bütün aləmdə təzahür edən Rəhmaniyyətini bəyanə gətirmiş, “biz Adəm oğluna üstünlük bəxş etdik” (İsra, 70), “Biz insanı ən gözəl biçimdə yaratdıq” (Tin, 4), “Ona öz ruhundan üfürdü” (Səcdə, 9) deyə açıq-aşkar ifadə edib, hətta “Biz ona yolu göstərdik, istər şükr edən olsun, istər nankor olsun” (İnsan, 3) şəklində onu digər yaranmışlardan fərqli olaraq ixtiyar sahibi qərar verdiyini buyurmuşdur.
Ayənin əvvəlində gələn “bism” (adıyla) ifadəsinin şərhində isə Ustad tamamilə özünəməxsus bir rəyə sahibdir. Belə ki, o, Həzrəti Rəsulullahın (s.ə.v.a) “Əbcədin təfsirini öyrənin ki, onda başdan-başa heyrətli mətləblər vardır, vay onu bilməyən alimin halına” (“Biharül-ənvar”, c. 2) hədisinə riayət edərək bu ifadəni əbcəd hesabı ilə şərh edir. Məlumat üçün qeyd edək ki, əbcəd xüsusi düzülüşlərlə şərti kəlmələrə bölünmüş ərəb əlifbasını təşkil edən hərflərin, müəyyən artımlar ilə sıralanan rəqəmlərə uyğunlaşdırılmasından yaranan hesab növüdür. Əbcədi-kəbirdə (böyük əbcəd) “bism” ifadəsini təşkil edən “ba” hərfi 2, “sin” hərfi 60, “mim” hərfi isə 40 rəqəmlərinə uyğun gəlir ki, bunların cəmindən 102 rəqəmi alınır. Ustadın xüsusi nəzəriyyəsinə görə bu ifadənin irfani təfsiri seyrü-süluk mərtəbələrinin sayını ifadə etməsidir, yəni, insan 102 mənəvi mərhələni keçdikdən sonra Rəhman və Rəhim olan Allah ilə görüşə nail ola bilər. Qədim ariflərin də irfani mərtəbələrin sayı və bu sayı necə təyin etdikləri barədə müxtəlif nəzərlərinə rast gəlsək də onlardan bu şəkildə Qurani bir dəlilə əsaslandığını bəyan edən olmamışdır. Ustadın tərtib etdiyi 102 mərtəbənin birincisi İslam, ikincisi isə imandır ki, bunlar irfan yoluna qədəm qoymaq üçün hazırlıq mərhələləridir. Qalan 100 mərtəbədən isə inşaallah silsiləvi məqalələrimizdə bəhs etmək fikrindəyik.
“Əlhəmdü lillahi Rəbbil aləmin”, yəni “həmd aləmlərin rəbbi olan Allah üçündür” ayəsində də ustadın nəzərinə görə əvvəla Allahın Rəbb adına diqqət etmək gərəkdir. Belə ki, Rəbb kəlməsi ərəb dilində pərvəriş verən, bəsləyən, tərbiyə edən, yiyə mənalarını ifadə edir. Dilimizdə tərbiyəçi mənasında işlənən mürəbbi sözü də ərəb dilindəki rəbb məsdərindən düzəlmişdir. Aləmlərin Rəbbi ifadəsi bütün aləmdəki nizamı qurub onu idarə edən deməkdir. Allahu Təala “O hər şeyi yaratmış və ona qədər təyin etmişdir” (Furqan, 2), “Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur” (Ənam, 59), “Rəhmanın yaratdığında bir uyğunsuzluq görməzsən” (Mülk, 3), “Günəşi, ayı və ulduzları öz əmrinə tabe edən də Odur” (Əraf, 54), “Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər, bu, yenilməz qüvvət sahibi olan, bilənAllahın təqdiridir” – “Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının qurumuş əyri budağı kimi olar.” – “Nə günəş aya çatar, nə də gecə gündüzü ötə bilər. Hər biri bir göydə üzər” (Yasin, 38-40), “Birinin suyu çox şirin, digərininki isə olduqca şor olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarışmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur” (Furqan, 53), “Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır” (Nəml, 88) kimi misallarla bu adının mənasını izah edir və həqiqətən öyülməyə layiq tək varlıq olduğunu diqqətə çatdırır.
“Ər-Rəhmanir-Rəhim”, yəni “Rəhman və Rəhimdir” və “Maliki-yövmüd-din”, yəni “din gününün sahibidir” ayələri ustadın rəyincə mənəvi bağlılığına görə birgə oxunmalıdır. Allahın Ər-Rəhman ismi ilə dünya həyatında bütün insanlara, Ər-Rəhim ismi ilə axirətdə yalnız iman əhlinə rəhm edəcəyini növbəti ayədə hesab günündən bəhs etdiyinə görə anlamaq mümkündür. Həmçinin, Allah digər bir ayəsində “İman gətirib yaxşı işlər görənlərin günahlarının üstünü örtər və onlara etdikləri əməllərdən daha gözəl mükafat verərik” (Ənkəbut, 7) buyurmaqla cəza günündə möminlərə xüsusi rəhmət göst-ərəcəyini vəd edir.
Quran istilahatında din kəlməsi qanunlar məcmuəsi mənasındadır. Misal olaraq deyə bilərik ki, Allahu Təala “Yusifə belə bir tədbir öyrətdik. (Yoxsa) məlikin dininə görə, qardaşını (öz yanında) saxlaya bilməzdi. Allahın istəməsi müstəsnadır. Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər elm sahibinin üstündə də bir bilən vardır” (Yusif, 76) ayəsində “məlikin dini” ifadəsi ilə Misir hökmdarının idarəetmə üsulu və qanunlarını qəsd edir. Din gününün sahibi vəsfi ilə Allah mütləq qanunlara görə cəza veriləcək Qiyamət günündə özünün yeganə hakim olacağını bəyan edir.
Surənin son 3 ayəsi olan “İyyakə nə`budu və iyyakə nəstəin”, “İhdinas-siratəl-müstəqim”, “Siratəl-ləzinə ən`əmtə əleyhim ğayril məğzubi əleyhim vələzzallin” də mənaca bir-birini tamamladığı üçün birgə oxunmalıdır. Yəni “Biz yalnız sənə ibadət edir və yalnız səndən yardım diləyirik ki, bizi doğru yola yönəldəsən, nemət verdiyin kəslərin yoluna, qəzəbə uğramış və azmış kəslərin deyil”.
Burada ibrət üçün ustadın heç bir təfsirdə rast gəlinməyən bir rəyinin yaranma tarixçəsini təfərrüatı ilə bölüşmək istəyirik. Belə ki, Seyyidin nəzərini ilk növbədə sözü gedən ayədə feillərin məhz “nə`budu” və “nəstəin” şəklində, yəni “biz” məfhumuna dəlalət edən “nun” əlaməti ilə gəlməsi cəlb etmiş və zehnində belə bir sual yaranmışdır ki, buradakı “biz”dən məqsəd nədir? Bunun izahında bir çox alimlərdən bütün müsəlmanlar, bütün möminlər, bütün zikr-dua və ibadət edən varlıqlar kimi cavablar alıb müəyyən qədər razılaşsa da, fərdi surətdə namazın qiyamında bu ayəni oxuyan bir şəxsin ərəbcə “ə`budu” və “əstəin”, yəni “mən ibadət edirəm və yardım diləyirəm” deyə biləcəyi halda Allahın ona “biz” deməyi əmr etməsinin xüsusi səbəbini axtarmağa davam etmiş və yeddi illik araşdırmadan sonra bu sirri öz vücudunda kəşf etmişdir. Buyurduğuna görə, bir gün əzalarından, onların səhhətinə neçə müddətdir ziyan verdiyini fəhm edərək, üzr istəyib əmanət verilən canı lazımınca qoruya bilmədiyinə görə sidq ilə tövbə etməsindən dər hal sonra, qıldığı məğrib namazının qiyamında bu ayəyə yetişincə əzalarının da vəhy dilində özü ilə bərabər “iyyakə nə`budu və iyyakə nəstəin” oxuduğunu eşitmiş və ilahi lütf ilə ayədəki ”biz” məfhumunun insanın bədən üzvlərinə aid olduğunun əyani şahidi olmuşdur və bunun nəzəri cəhətdən mümkünlüyünü namazdakı qiyamın qiyamətdən əlamət olması, qiyamət günündə isə insan əzalarının danışacağının bu iki ayədə vəd edilməsi ilə sübuta yetirmişdir:
“Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir” (Fussilət, 20).
“Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər” (Yasin, 65).
Bədən üzvlərinin Allahdan yardım diləməsi əmmarə nəfsin əmr etdiyi pis işlərə alət edilib “nәfsini özünә tanrı edәn vә Allahın bilәrәkdәn yoldançıxardığı, qulağını vә qәlbini möhürlәdiyi, gözünә dә pәrdә çәkdiyi kimsәni gördünmü?” (Casiyə, 23) ayəsində bəhs edilən aqibətlə üzləşməkdən qurtuluş üçündür ki, bu da yalnız Allahın rəhmi ilə mümkün ola bilər. Necə ki, Yusif (ə) buyurur:
“Mən nəfsimi təmizə çıxartmıram, şübhəsiz ki, nəfs pis işlər görməyi əmr edər, Rəbbimin rəhm etdiyi kimsə müstəsnadır. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir” (Yusif, 53).
Siratül-müstəqimə, yəni doğru yola yönəldilmək istəyi də məhz bu səbəbdəndir. Siratül-müstəqim nemət verilmiş kəslərin yoludur. Bu həmin nemətdir ki, Qədiri-Xumda nazil olan “bu gün sizə olan nemətimi tamam etdim və sizin üçün din olaraq İslamı bəyəndim” (Maidə, 3) ayəsində də ondan danışılmışdır. İmam Baqir (ə) onun təfsirini “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım” ayəsində buyurulmuş kamil din və tamamlanmış nemət bizik. Biz Peyğəmbər ailəsi bir-birimizdən irs aparırıq və əsla yer üzü bu cür bir şəxsiyyətdən boş olmaz” şəklində buyurmuşdur. “Allaha və Peyğəmbərə itaət edənlər – Allahın nemətlər verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır” (Nisa, 69) ayəsində də İlahi itaət əhlinin Allahın nemət verdiyi kəslər cərgəsində yer aldığı diqqətə çatdırılır. Qəzəbə uğramışların ən bariz nümunəsi isə “Xatırlayın ki, siz “Ya Musa! Biz eyni təama heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin! – dediniz. “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? Şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!” – demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu onların Allahın ayələrini inkar etdiklərinə və peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların asi olduqlarına və həddi aşdıqlarına görə idi (Bəqərə, 61) ayəsində məzəmmət edilən Musa qövmüdür ki, bunun səbəbi məhz itaətsizlik kimi göstərilmişdir.
Xülasə, nemət Peyğəmbər və on iki İmamın vilayəti, İslam isə bu vilayətə təslimiyyətdən ibarətdir ki, buna riayət edənlər doğru yolda olan nemət əhlidirlər. Qəzəbə düçar olub azmış kəslər isə bu vilayətdən boyun qaçıranlardır. Allah cümləmizi bu nemətin bəxş olunduğu kəslərdən qərar versin.
A M İ N
Müəllif: Seyyid Əsri
Şərh Yaz