Ana Səhifə Məqalələr Kinoda rədd-ül-mətlə – Məhəmməd Mədəninin məqaləsi
Məqalələr

Kinoda rədd-ül-mətlə – Məhəmməd Mədəninin məqaləsi

Paylaş
Paylaş

Kino sənətinin Avropada yarandığına baxmayaraq, zaman keçdikcə təkcə Avropa mədəniyyətində deyil, müxtəlif mədəniyyətlərdə kino ilə səsləşən xüsusiyyətlərin olduğu məlum edilmişdir. Keçən əsrin əvvəllərində görkəmli kinorejissor Sergey Eyzenşteyn yapon mədəniyyətində – o cümlədən poeziyasında – kino ilə paralellər aşkar etmiş və bu barədə məşhur “Za kadrom” məqaləsini qələmə almışdır. (1) Bir əsr keçdiyinə baxmayaraq, bildiyimiz qədər, klassik Şərq divan ədəbiyyatının kino ilə əlaqələri hələ də layiqincə tədqiq olunmamışdır. Halbuki divan ədəbiyyatımızda (və folklorumuzda) “kinematoqrafik” fəndlər tapmaq mümkündür və onların tədqiqi və tətbiqi ədəbiyyatımıza bağlı olan filmlərin Şərq üslubunda çəkilməsinə, bəlkə də fərqli kino dilinin yaranmasına töhfələr verə bilər.

Kinonun fundamental fəndlərindən sayılan və kino tarixində çevriliş yaratmış Kuleşov effekti kinonun poeziya ilə əlaqəsini göstərən ən ilkin nümunələrdən sayılır. (2) Bu eksperiment adətən poeziyada sözlərin, ifadələrin, misraların, bəndlərin təkrarlanması kimi anlayışlarla əlaqələndirilir. Lakin Klassik Şərq poeziyasını araşdıranda bir ədəbi sənətə rast gəlinir ki, bu ədəbi sənət Kuleşov effekti ilə zahirən birəbir uyğun gəlir və onun poeziya ilə əlaqəsini asanlıqla, çətin nəzəri şərhlərə müraciət etmədən, nümayiş etdirməyə nail olur. Söhbət rədd-ül-mətlə (rəddi-mətlə) ədəbi sənətindən gedir ki, bu terminin Qərb poeziyasında dəqiq qarşılığı belə yoxdur.

“Kino terminlərinin izahlı lüğəti” kitabında “Kuleşov effekti” barədə yazılır:

“KULEŞOV EFFEKTİ – görkəmli rus rejissoru və kino nəzəriyyəçisi L.Kuleşovun montajın mahiyyətini izah etmək üçün həyata keçirdiyi eksperimentə verilən ad. Kuleşov aktyor Mozjuxinin iri planda çəkilmiş təsvirini 3 müxtəlif kombinasiyada ayrı-ayrı kadrlarla montaj etmişdir. Birinci kombinasiya aktyorun iri planından sonra masa üstündəki bir nimçə şorba, 2-ci kombinasiyada içində ölü qadın olan tabut, 3-cüdə isə gəlinciyi ilə oynayan qız uşağı təsvir olunmuşdu. Aktyorun hər üç kombinasiyada statik vəziyyətdə olan üzü hər dəfə müxtəlif mənalar (aclıq, kədər, sevinc) ifadə etmişdir. Kuleşov buradan belə bir nəticəyə gəlmişdir ki, ayrı-ayrı kadrlarda nəyinsə çəkilməsi hələ öz-özlüyündə heç nəyi həll etmir. Çəkilmiş kadrlar kino sənətinin yalnız materialıdır. Kino bir sənət kimi o vaxt yaranır ki, rejissor həmin kadrları müəyyən məqsəd naminə birləşdirməyə (montaj etməyə) başlayır. Kadrları müxtəlif kombinasiyalarda və müxtəlif qaydada birləşdirməklə rejissor hər dəfə yeni bir nəticə əldə edir.” (3)

Deməli, bir kadr dəyişməz olaraq bir neçə fərqli kadrla birləşəndə məzmundan asılı olaraq müxtəlif mənalar verə bilər.

“Rədd-ül-mətlə” ədəbi sənəti haqda isə Azərbaycan dilli mənbələrdə ətraflı müstəqil məlumata rast gəlinmir. Ona görə Türkiyə türkcəsində yazılmış mənbəyə istinad etmək məcburiyyətində qalırıq:

“Rədd-ül-mətlə qəzəlin ilk beytinin birinci və ya ikinci misrasının son beytdə, qəzəlin son misrası olaraq təkrarlanmasına deyilir.” (4) (dilimizə uyğunlaşdırılıb)

Yazının bu yerində rədd-ül-mətlə və rəddi-misra terminlərinin fərqini izah etmək yerinə düşər. Yuxarıda da qeyd olunduğu kimi, rədd-ül-mətlə yalnız mətlə beytindən (qəzəlin ilk beyti) götürülmüş misranın məqtə beytində (qəzəlin son beyti) təkrarına deyilir. Rəddi-misra isə mətlə beytindən başqa istənilən beytdən götürülmüş misraya şamil olunur. Qeyd edək ki, mətlə və məqtə anlayışları təkcə qəzələ yox, oxşar şeir janrlarına da aiddir. Həmçinin, digər şeir janrlarında da mətlə mövqeyində olan hər hansı bir misranın təkrarı da bu sənətə aid edilə bilər. Onda belə təəssürat yarana bilər ki, “rədd-ül-mətlə” “rəddi-misra”-nın bir növüdür. Ancaq divan ədəbiyyatımızda mətlə beyti xüsusi beyt sayıldığından “rədd-ül-mətlə” “rəddi-misra”-dan ayrı, müstəqil termin kimi qeyd olunur.

Kuleşovun eksperimentini müstəqil qısametrajlı film kimi götürsək rədd-ül-mətlə termini daha uyğun gəlir, çünki kadrların təkrarlanması elə filmin əvvəlindən başlayır.

Həmçinin onu da qeyd edək ki, qarşılaşdığımız bütün mənbələrdə misranın yalnız məqtə beytində təkrarlanmalı olduğu barədə məlumat verilir. Halbuki, bəndeyi-həqirinizin və ustadı Seyyid Əsrinin fikrincə, belə bir məhdudlaşdırma düzgün deyildir. Yəni mətlə beytindən və ya başqa bir beytdən götürülmüş misranı şeirin ikinci, üçüncü və s. beytində də təkrar etmək olar və bu, qəbahət sayılmamalıdır. Qədimdən daşlaşmış bu sərt qaydaların, zənnimizcə, islahatlara ehtiyacı vardır. Tutalım, rədd-ül-qafiyə sənətinin tərifi, demək olar ki, bütün mənbələrdə mətlənin birinci misrasındakı qafiyənin ikinci beytin qafiyəsində yenidən işlədilməsi kimi verilsə də, praktikada ikincidən başqa beyt(lər)də də təkrarına bol-bol rast gəlirik. Hətta təkrarlanan qafiyə mətlə beytindən olmaya da bilər. Məsələn, Seyyid Əzim Şirvani dördüncü beytdə işlənən qafiyəni altıncı beytdə də (yəni məqtədə) təkrar edir:

İstəyir cənnəti zahid bu qədər hiylə ilə,
Əbləhin fikrini gör, dildə təmənnasına bax.

Sanma bu Seyyidi sən əhli-cəhənnəm, vaiz,
Neyləyirsən əməlin, dildə təmənnasına bax. (5)

Rədd-ül-mətlənin keyfiyyətinə gəldikdə isə, “şübhəsiz burada görülən iş hər nə qədər bir təkrar kimi görünürsə də əslində şairin çətin bir iş görməyə çalışdığını söyləmək lazımdır. Çünki təkrarlanan misranın məqtə beytinin mənasını pozmaması gərəkdir. Sırf sənət yaratmaq məqsədi ilə edilən tətbiqin şairin ədəbi şəxsiyyətinin müzakirəsinə yol açacağını da qeyd etmək yerinə düşər.” (6) (dilimizə uyğunlaşdırılıb)

Bu sənətdən istifadə etmək şairdən böyük məsuliyyət və hünər tələb edir. Çünki misranın boş yerə və qafiyə kasadlığına görə təkrarı mənasız olar və sözbazlıqdan başqa bir şeyə bənzəməz. Məhz buna görə bu sənətə klassik ədəbiyyatımızda çox az rast gəlinir. Yuxarıda istinad edilən doktor Şener Demirelin yazısında 16 türkdilli şairin 5630 qəzəlinin araşdırıldığı və onlardan cəmi 49 qəzəldə rədd-ül-mətlə sənətindən istifadə olunduğu haqda məlumat verilir.

Həmin yazıda 15-ci əsrdə Şeyxi, Nəcati, 16-cı əsrdə Baki, Xəyali, 17-ci əsrdə Şeyxülislam Yəhya, Nəfi, Naili, Neşati, Şəhri və digər türkdilli şairlərin şeirlərində rədd-ül-mətlə sənətinin işlənildiyi bildirilir. Bunları qeyd etməkdə məqsədimiz bu ədəbi sənətin qədimdən mövcud olduğunu göstərməkdir.

Sovet dövründə Azərbaycan ədəbiyyatı bu ənənələrdən ayrı salınsa da, müstəqilliyimiz bərpa olunandan sonra bir çox mühəssənat dediyimiz klassik şeir sənətlərinin, o cümlədən rədd-ül-mətlənin, dirçəlməsinin şahidi oluruq. Məqaləmizdə ilk nümunə kimi də müasirimiz, bəndeyi-həqirinizin dəyərli ustadı Seyyid Əsrinin qəzəlindən istifadə edəcəyik:

Könlümdə açdığın yaranı dağlamazmısan
Öz xanənin məgər qapusın bağlamazmısan

Əsri bu misrə’ ilə mənim bağla beytimi
Öz xanənin məgər qapusın bağlamazmısan (7)

Göründüyü kimi, mətlə beytinin ikinci misrası məqtə beytində də heç bir dəyişikliyə məruz qalmadan təkrarlanır. Lakin verdiyi məna əlaqəyə girdiyi misradan asılı olaraq dəyişir. Birinci beytdə şair, aşiqin könlünü “xanə” adlandırır və könüldə açılmış yaranın dağlanmasını “xanənin qapısının bağlanmasına” bənzədir. İkinci beytdə isə “xanə” beyt mənasını verir və “qapının bağlanması”, beytin sona çatmasını (bu beytin məqtə beyti olduğunu da nəzərə alsaq, həm də qəzəlin sona çatmasını) nəzərdə tutur. Həmçinin, beyt sözü ərəb dilində “ev” (8), misrə sözü isə “qapının iki layından hər biri” (9) mənalarını da verir ki, bu da sözügedən beytə daha bir gözəllik çaları qatır.

Klassiklərdən isə 15-ci əsr böyük özbək şairi Əmir Əlişir Nəvaidən möhtəşəm bir nümunəyə nəzər salaq:

Qoshi yosinmu deyin, ko‘zi qarosinmu deyin,
Ko‘ngluma har birining dard-u balosinmu deyin?

Ey Navoiy, dema qosh-u ko‘zining vasfini et,
Qoshi yosinmu deyin, ko‘zi qarosinmu deyin? (10)

(Qaşının kamanındanmı, gözünün qarasındanmı, yoxsa hər ikisinin könlümə verdiyi dərd və bəladanmı deyim? / Ey Nəvayi, demə ki, qaşı ilə gözünü vəsf et, qaşının kamanındanmı, gözünün qarasındanmı deyim?)

Bu misalda məna dəyişikliyi daha incə baş verir. Mətlə beytində şair hər birinə bənzətmə tapmaqla yarının gözünü, qaşını, sonrakı beytlərdə davamlı olaraq kirpiyini, zülfünü, ləlini, xalını, qəddini və s. vəsf edir. Sonuncu beytdə isə qaş ilə gözü xüsusi vurğulayır və onları vəsf etməkdə aciz olduğunu dilə gətirir. Həmçinin, dövri surətdə bizi yenə qəzəlin əvvəlinə qaytarır. Birinci beytdə yarın gözəlliklərini sadalamağa xidmət edən misra sonuncu beytdə şairin bu işdə acizliyini göstərməyə xidmət edir.

Deməli, rədd-ül-mətlə sənəti işlənmiş qəzəldə bir misra heç bir dəyişikliyə məruz qalmadan iki dəfə təkrar olunur və əlaqəyə girdiyi misradan asılı olaraq fərqli mənalar verir. Kuleşovun eksperimentində də eyni kadr heç bir dəyişikliyə məruz qalmadan bir neçə dəfə təkrar olunur və yanaşı gəldiyi kadrlardan asılı olaraq fərqli mənalar verir.

Qəzəl beyti iki misradan ibarət olduğu kimi Kuleşovun eksperimentində də hər kombinasiyada iki kadrdan istifadə olunur. Beləliklə, bir kadr bir misranın, iki kadrın birləşməsi isə bir beytin qarşılığı kimi götürülür və bənzərlik aydın sezilir. Kuleşov effekti ilə bir çox poeziya nümunələrinin oxşarlığını göstərə bilsək də, bəndeyi-həqirinizin fikrincə, ən sadə və aydın anlaşılan nümunəsi məhz rədd-ül-mətlə sənətidir.

Obrazlı ifadə etsək deyə bilərik ki, Lev Kuleşov kino dili ilə üç beytdən ibarət qəzəl yazıb və ikinci və üçüncü beytlərdə rədd-ül-mətlə ədəbi sənətindən istifadə edib. 15-ci əsr şairi Əmir Əlişir Nəvayi isə qəzəl yazarkən birinci və sonuncu beytlərdə Kuleşov effektindən yararlanaraq misraları montaj edib. Burada tək uyğunsuzluq o olur ki, qəzəl minimum 5 beytdən ibarət olmalıdır və Kuleşovun qəzəli yarımçıq təsir bağışlayır. Amma Kuleşovun kino üçün etdiyi işlərə xatir günahından keçərik.

Maraqlıdır ki, rədd-ül-mətlə termininin Qərb ədəbiyyatında dəqiq qarşılığı yoxdur. Daha çox uyğun görünən refren termini isə dilimizə “nəqarət” kimi tərcümə olunub (11) və, təbii ki, rədd-ül-mətlə deyil. Və təbii ki, Kuleşovun da bundan heç cür xəbəri ola bilməzdi, əgər şərq dillərini öyrənib bəlağət kitablarını oxumamışdısa. Və ya, belə də deyə bilərik ki, Kuleşovun baş sındırıb yeni ixtiralar etdiyi zaman Klassik Şərq poeziyasında artıq əsrlərdir ki, hazır “Kuleşov effekti” yatırdı.

Bundan sonra poeziya ilə kinonun əlaqələri haqda danışarkən əcnəbilər Puşkini, Mayakovskini misal gətirdikdə (12), Uca Yaradanın lütfü ilə, biz də onlardan əsrlərlə qabaq yaşamış öz şairlərimizdən rahatca nümunələr gətirə bilərik.

Bu heyrətamiz təsadüf bir daha kino sənətinin poeziya ilə dərin bağlarının olduğunu nümayiş etdirir və poetik kinoda yeniliklər etmək üçün divan ədəbiyyatımıza üz tutmağın faydalı olacağına ümid verir. Kim bilir, bəlkə də divan ədəbiyyatımızın dərinliklərində hələ ixtira olunmamış nə qədər “kino effektləri” yatır.

1 – Эйзенштейн С.М. Избранные произведения: В 6 т. М.: Искусство, 1964. Т. 2. с. 283-296
2 – Əlisəfdər Hüseynov. Qoy sözümü şeir desin // Ədəbiyyat qəzeti. 2024 – 7 sentyabr, №34. s. 20-21
3 – Kino terminlərinin izahlı lüğəti. Tərtib edəni: Əlisəfdər Hüseynov. Bakı, “Elm və təhsil”, 2015. s. 68-69
4 – Dr. Arslan Tekin. Edebiyatımızda İsimler ve Terimler. Ötüken Yay. İstanbul, 1995, s. 502
5 – Şirvani Seyid Əzim. Seçilmiş əsərləri. Üç cilddə. I cild. Bakı, “AVRASİYA PRESS”, 2005, s. 66
6 – Yard. Doç. Dr. Şener Demirel, Divan Şiirinde Redd-i Matla, Bilig Dergisi, S.31, Güz, 2004, Ankara, s.161-177
7 – Seyyid Əsri. Fidan çiçəkləri. Bakı, “Mücrü” nəşriyyatı, 2025, s. 10
8 – Yenə orada, s. 109
9 – Yenə orada, s. 116
10 – Алишер Навоий. Мукаммал асарлар тўплами. 4-жилд. Ўзбекистон ССР «Фан» нашриёти, Тошкент —1989, с. 349-350
11 – Şəlalə Abdullayeva. Ədəbiyyatşünaslıq terminləri lüğəti (azərbaycanca-rusca). Bakı, “Elm və təhsil”, 2012, s. 128
12 – Сарнов, Б.М. Поэзия и кинематограф (Несколько сопоставлений) / Б.М. Сарнов // Вопросы литературы. 1964 – №3. с. 171-194

Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Məqalələr

Hacı Rza Sərraf Təbrizinin bir beyti barədə – Məcid Dövrinin məqaləsi

Şikənci-zülfünü görcək dedi nücum əhli Bu ay başında əcəb fitnələr qiyaməti var...

Məqalələr

Şəms və şəm’ – Selcan Təvvabinin məqaləsi

ŞƏMS VƏ ŞƏM’ (Qövsi Təbrizi tədqiqləri – 1) Əruz vəznli klassik şeirdə,...

Məqalələr

“Fatihə”nin fəthi – Cəsur Nari (Seyyid Ümmi)

Fəthi-meyxanə üçün oxuyalım fatihələr Ola kim, yüzümüzə açıla bir bağlu qapu Mövlana...

Əliağa Vahid
Məqalələr

Füzuli yadgarı – Əliağa Vahid – Seyyid Əsrinin məqaləsi

FÜZULİ YADGARI Yenə meydan oxuyur ğəmzələrin cəlladə Əhsənullah səni tə’lim edən ustadə...