Ana Səhifə Məqalələr Şəms və Şəm’ – 2 – Selcan Təvvabinin məqaləsi
Məqalələr

Şəms və Şəm’ – 2 – Selcan Təvvabinin məqaləsi

Paylaş
Paylaş

ŞƏMS VƏ ŞƏM’
(Qövsi Təbrizi tədqiqləri – 2)

Əruz vəznində yazan şairlərin tez-tez müraciət etdiyi bədii sənət növlərindən biri də təzaddır. Təzad sənəti Qövsi Təbrizinin nurani qələmində – hind səbki üslubunda qeyri-adi ziddiyyətlər üstündə qurularaq beyti daha parlaq edir. Təzada gözəl nümunə olaraq Qövsi Təbrizinin bu beytini misal göstərmək olar:

Sübhi-vüsal üçün gəzirəm şəm’i-dağ ilən
Ol aftabi axtarıram bu çırağ ilən

Qovuşma səhəri üçün dağın şamı ilə gəzirəm, o günəşi bu çıraqla axtarıram.

Ayrılıq gecəsində aşiq qovuşma səhərini dağın şamı ilə arayır, dağın şamı deyərkən şair aşiqin sinəsinə basılan həsrət dağını, yarasını nəzərdə tutur, bu dağ da şam kimi isti, yanar olur. Yəni, aşiq öz məşuqunu sinəsindəki yanar (dağ) şamla axtarır, yarını günəşə, sinəsindəki dağı isə çırağa bənzədir.

Beytdə işlənən digər bədii sənət növlərindən biri də ləff ü nəşri-mürəttəb hesab oluna bilər. Ləff, yəni bükmək, nəşr – açmaq, yaymaq, mürəttəb isə tərtibli, nizamlı deməkdir. Birinci misrada işlənən sübhi-vüsal izafəti ilə ikinci misradakı aftab (günəş) sözü bir-biri ilə uyğundur və eyni zamanda birinci misradakı şəm’i-dağ izafəti ilə də çıraq sözü alt-alta, tərtibli yerləşdirildiyi üçün bu sənət ləff ü nəşri-mürəttəb sənəti hesab oluna bilər. Ləff ü nəşr sənətinin bir növü də ləff ü nəşri-müşəvvəşdir. Müşəvvəş, yəni təşvişli, dolaşıq, qarışıq. Əgər beytdəki bir-birləri ilə uyğun olan ifadələr alt-alta yox, çarpaz şəkildə yerləşdirilsə idi, bu ləff ü nəşrin müşəvvəş növünü yaratmış olardı (yəni, “sübhi-vüsal”ın atında çıraq, “şəm’i-dağın” altında aftab yazılsa idi).

Beytdəki aftab sözü istiarədir. İstiarədə təşbehin 4 tərkib hissəsindən (bənzəyən, bənzədilən, təşbih ədatı və təşbih yönü) yalnız biri söylənilir – bənzədilən. Bu beytdə də yarın üzünün parlaqlığı günəşə bənzədilir və aftab deyiləndə yar nəzərdə tutulur.

Bu qəzəlin növbəti beytlərindən birində də təzadın incəliyindən istifadə edilərək zərif beyt yaradılıb.

Yaxşı məta içində yəman gərçi xərc olar
Sərf etmə acı sözləri şirin dodağ ilən

Yaxşı malın içində yaman xərc, israf olsa da, acı sözləri şirin dodaqla sərf etmə.

Məsələn, necə ki bazarda satışa çıxarılan yaxşı malın içərsindən biri çürük çıxsa da, bu həmin malın dəyərini aşağı salmaz, onun qiymətini itirməz. Şair də bu beytdə buyurur ki, əgər yaxşı mal içində yamanı xərc olursa, satılmağı caizdirsə də, sən şirin dodağınla acı sözləri yenə də sərf etmə, demə.

Beytdə təzad və tənasüb sənətlərindən istifadə olunub.

Belə ki, yaxşı, yaman və şirin, acı sözləri öz aralarında ziddiyyətli olduğu üçün təzad sənəti hesab olunur.

Tənasüb, sözlər arasında məna əlaqəsi olan sözlərin eyni beytin tərkibində işlənməsidir və beləliklə də, xərc və sərf sözləri arasında da məna yaxınlığı olduğu üçün bu da tənasüb sənəti hesab olunur.

Beytdə işlənən digər bədii sənət gözəlliyi ləff ü nəşri-müşəvvəşdir. Belə ki, yaxşı məta ilə şirin dodaq, yəmanla isə acı sözlər çarpaz şəkildə bir-birləri ilə uyğunluq təşkil edir.

Müəllif: Selcan Təvvabi

Birinci məqalə:

Şəms və Şəm’ – Selcan Təvvabinin məqaləsi

Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Məqalələr

Divan ədəbiyyatımızda “İlləti-ğayi” – Seyyid Əsrinin məqaləsi

Divan ədəbiyyatımızda digər elm sahələri kimi, bəzən fəlsəfəyə aid istilahların da işlənilməsi...

Məqalələr

Sərrafi-süxən – 2 | Məcid Dövrinin məqaləsi

Ötən bəhsimizdə Hacı Rza Sərraf Təbrizinin bir beytində işlənmiş eyham nümunəsini təhlil...

Məqalələr

Sərrafi-süxən – Məcid Dövrinin məqaləsi

Şikənci-zülfünü görcək dedi nücum əhli Bu ay başında əcəb fitnələr qiyaməti var...

MəqalələrQuş Dili

Şe’r və şair haqqında – Seyyid Cəmalüddin Əsədabadi

Seyyid Cəmalüddin Əsədabadi Əfğani Şe’r və şair haqqında Bəzi insanlarda bir əcəb...