Bədi elmində bir qism söz sənətləri vardır ki, təkrar vasitəsi ilə əmələ gəlir. Yəni onların yaranması bir hərfin, bir hecanın, bir kəlmənin və ya bir misranın təkrarı ilə mümkündür. Misra, beyt, yaxud fiqrədə, yəni nəsr cümləsində bir hərfin və ya səsin təkrarı tövzi’ adlanır. Bu məqaləmizdə məhz bu ədəbi sənətdən bəhs edəcəyik.
Tövzi (توزیع ) kəlməsinin lüğəti mənası bölüşdürmək, paylaşdırmaq, pərakəndə etməkdir. İstilahi mənası da buna uyğun olaraq bir hərfin sanki bir neçə söz arasında paylaşdırılmasıdır. Bir mühüm məsələni qeyd etmək vacibdir ki, ərəb və fars sözləri ilə zəngin divan ədəbiyyatımızda tövzi kimi hərflərlə bağlı bədii sənətlərin tətbiq və tədqiqində tələffüzcə dilimizdəki səs məxrəcləri, yazılışca isə əski əlifba əsas götürülməlidir.
Bu cəhətdən tövzi sənəti iki qismdir: tam tövzi və naqis tövzi.
Tam tövzi bir hərfin təkrarıdır ki, hər dəfə yazlışı və səslənişi eyni olur. Məsələn, Seyyid Mühəmmədhüseyn Şəhriyarın:
“Şirdür Şəhriyarın şe’ri əlində şəmşir
Kim deyər mən belə bir şir ilə də’vayə gəlim”
Beytindəki “şin” (ش) [ş] hərfi kimi.
Və ya Qasım bəy Zakirin:
“Dönə-dönə dedim gözə kim dincələn degül
Gözdən irağə qoyma bu divanə könlümi”
Beytindəki “dal” (د) [d] hərfi kimi.
Naqis tövzi isə yazlışları fərqli, tələffüzləri dilimizdə ən oxşar məxrəclə eyniləşdirilmiş hərflərin təkrarıdır. Belə ki, ərəb dilində bəzi mütəqaribül-məxrəc, yəni səsləniş yeri (məxrəci) yaxın olan, yaxud mütəqaribüs-sifat, yəni səsləniş əlamətləri yaxın olan hərflər vardır. Dilimizdə məxrəci mövcud olmayan bu hərflər tələffüzcə məxrəci mövcud olanla əvəz edilir. Daha dəqiq desək “ta” (ط) hərfi “tə” (ت) kimi, yəni adi [t] şəklində; “ha” (ح) hərfi “hə” (ه) kimi, yəni adi [h] şəklində; “sə” (ث) və “sad” (ص) hərfləri “sin” (س) kimi, yəni adi [s] şəklində; “zal” (ر), “zad” (ض) və “za” (ظ) hərfləri “zey” (ز) kimi, yəni adi [z] şəklində; “əyn” (ع) hərfi isə “həmzə” (ء) kimi səsləndirilir. Qeyd edək ki, əyn ilə həmzənin təkrarından tövzi yaratmaq üçün hər ikisi ya sakin (yəni hərəkəsiz), ya da eyni hərəkəli olmalıdır. Məsələn: Əlican Qövsi Təbrizinin:
“Sinə bidağ ü gözüm biəşk mümkindür qala
Qalsa gərdun səfhəsi sabitsiz ü səyyarəsiz”
Beytində “səfhə” ”sad”, “sabit” “sə”, “səyyarə” sözü ”sin” hərfi ilə yazılır. Hər üçü “sin” [s] kimi səsləndirilir.
Yaxud Seyyid İmadüddin Nəsiminin:
“Zülfinin zülmətində qalmış ikən
Doğdı hüsni göründi şəmsi-züha”
Beytində “zülf” “zey”, “zülmət” “za”, “züha” sözü “zad” ilə yazılır. Hər üçü “zey” [z] kimi səsləndirilir.
Bəzən yazılışları fərqli, səslənişləri bizim dilimizdə bənzər olan “bey” (ب) və “pe” (پ); cim” (ج) və “çe” (چ); “zey” (ز) və “je” (ژ); “kaf” (ک) və “gaf” (گ); “nuni-ərəbi” (ن) və “nuni-sağır” (ڭ); “tə” (ت) və “dal” (د); “qaf” (ق) və “ğeyn” (غ) kimi samitlərin təkrarına rast gəlinir. Bu isə tövzi deyil, şibhi-tövzidir, yəni tövzinin bənzəridir.
Məsələn, Sədi Qarabağinin:
“Çiraği-çöhreyi-cananə canım yandığın görmüş
Sənə ey şəm’ olmuş ol səbəb pərvayi-pərvanə”
Beytindəki “çe” və “cim” hərflərinin təkrarı kimi.
Bəzən isə samit olmaqla yanaşı sərf elminin qaydaları üzrə daşıdığı hərəkə əlaməti, həmzə, mədd və digər özünə müvafiq vəzifələrə görə müxtəlif cür səsləndiyi halda bir cür yazılan hərfin təkrarına rast gəlinir. Bu da tövzi hesab edilmir. Həmin hərf mütləq “əlif” (ا), vav” (و), yə” (ی) və “hə” (ه)-dən biri olur. Məsələn, Mövlana Mühəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin:
“Vəq’əsində gördi ki Yusif bir neçə gürgi-xunxarə giriftar oldı”
”وقعسنده گوردی که یوسف بیر نیچه گرگ خونخواره گرفتار اولدی“
Fiqrəsində təkrar olunan “vav” hərfi “vəq’ə” sözündə samit kimi [v]; “gördi” və “oldı” sözlərində zəmmə əlaməti kimi müvafiq olaraq [o] və [ö] səsini verir, “Yusif” sözündə mədd, “xunxarə” sözündə birincisi məddi-müxəffəf, ikincisi vavi-mə’dulə olub heç bir səs vermir.
Tövzi sənəti təkcə samitlərin deyil, saitlərin təkrarı ilə də məqbuldur.
Məsələn, Mövlana Mühəmməd Füzulinin:
“Ağzı açıq çıxmaz avazı ayağı yоq yürür
Can iləndür seyri əmma demək оlmaz canvər”
Beytindəki fətheyi-səqilə, yəni “a” saiti;
“Bağbani-çəməni-dəhrə xəyali-dəhənin
Səbəbi-tərbiyəti-ğönçeyi-xəndan olmuş”
Beytindəki izafət kəsrəsi, yəni “i” saitinin təkrarı da tövzi sənətidir.
Həmçinin türk sözlərində zəmmə əlaməti olan “vav” (و) şəklində yazılıb [o], [ö], [u], [ü] kimi; yaxud kəsrə əlaməti olan “ya” (ی) şəklində yazılıb [i], [ı] kimi səslənən saitlərin öz həmcinsi ilə təkrarı da şibhi-tövzi sayılır.
Tövzi sənəti daha çox “fəryad ü fəğan”, ”cövr ü cəfa”, “tab ü təvan” kimi qoşalaşmış mütəradif, yəni yaxın mənalı sözlərdə işlədilmişdir. Bu sənət üçün hərflərin ancaq sözlərin əvvəlində gəlməyi və çox təkrar edilməyi vacib şərt olmasa da, ard-arda gələn kəlmələrin ilk hərflərinin təkrarı daha nizamlı və təsirli hesab edilir. Hətta bəzi şairlər bir misranı tamamən eyni hərflə başlayan kəlmələrdən qurmuşlar. Buna misal olaraq Seyyid Əzim Şirvaninin:
“Şüərayi-Şəmaxi yü Şirvan
Səndən eylərlər iltica ey can”
Beytinin ilk misrasındakı “şin” (ش) [ş] hərfini;
Mirzə Əbdülxaliq Yusifin:
“Müniri tək degülsən mehribansan mehrpərvərsən
Müinsən möhtərəmsən məhliqasən mehribanimsən”
Beytinin ikinci misrasındakı “mim” (م) [m] hərfini göstərmək olar.
Tövzi sənəti həm də təkrir, təcnis, iştiqaq, təsdir, səc kimi sənətlərin müqəddiməsidir. Bəzi bəlağət risalələrində “tövzi” istilahı “inat və ya iltizam” sənətinə aid edilmişdir ki, müvafiq məqalələrimizdə bu barədə daha geniş izah verəcəyik.
Müəllif: Seyyid Əsri
Mənbə: Mə’rifət inciləri, 2020, N1, səhifə 31-32, “Şe’r bir zivərdür” bölməsi.
Şərh Yaz