Bugün Azərbaycan elminə, xüsusilə Füzulişünaslığına böyük itki üz verdi. Professor Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra Haqqın rəhmətinə qovuşdu. Həyatını Füzuli araşdırmalarına həsr edən mərhum alim elm aləmində Əkrəm Cə’fərin verdiyi “Füzulinin qızı” ləqəbi ilə tanınırdı.
Bizim Lalə xanımla tanışlığımız ötən il mərhum Hacı Mail Əliyevin 90 illiyinə həsr etdiyimiz “Ünvanı Vətəndir” filminin çəkilişləri əsnasında baş tutdu. Çəkiliş dəvətimizi məmnuniyyətlə qəbul edən professor ofisimizə təşrif gətirib xatirələrini bölüşdü. Həmçinin Əzizağa müəllimlə birgə yazdığı son kitabını imzalı şəkildə İctimai Birliyimizin kitabxanasına bağışladı.
Onu da qeyd edək ki, mərhum alimin 75 illik yubileyi ilə əlaqədar “Mən kiməm?!..” xatirə filmini hazırlamışıq.
Haqqında:
Lalə İkram qızı Əlizadə 5 fevral 1950-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1967-ci ildə 190 №-li orta məktəbi bitirib, 1967–1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb. O, əmək fəaliyyətinə 1972-ci ildə “Azərbaycan müəllimi” qəzetində başlayıb. 1974–1978-ci illərdə Bakı şəhəri 172 və 161 №-li orta məktəblərdə Azərbaycan dili və ədəbiyyat müəllimi, Yasamal Rayon Xalq Maarif şöbəsində metodist kimi çalışıb.
1978–1981-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb, 1985-ci ildə AMEA-nın müxbir üzvi Azadə Rüstəmovanın rəhbərliyi altında “Məhəmməd Füzuli yaradıcılığında alleqoriya” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1989-cu ildən indiyədək işlədiyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Azərbaycan dili və pedaqogika” kafedrasında əvvəl müəllim, sonra baş müəllim, daha sonra isə dosent vəzifəsində çalışmışdır.
Lalə Əlizadə 2017-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdində Müdafiə Şurasında “Klassik Azərbaycan ədəbiyyatında alleqoriya (XII–XVI əsrlər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alıb.
“Füzulinin gizli sözü” (1989), “Füzulini tədris edərkən” (1995), “Böyük Füzulinin yadigarı” (1996), “Məhəmməd Füzuli” (2009), “Söz gözəlinin örtüyü” (2016), “Azərbaycan ədəbiyyatında alleqoriya” (2020) və filologiya elmləri doktoru Əzizağa Nəcəfov ilə birgə qələmə aldığı “Məhəmməd Füzulinin həyat və yaradıcılığının ümumtəhsil məktəblərində tədrisinə dair” (2024) kitabları, “Azərbaycan dili və nitq mədəniyyəti” fənninin ali məktəblərdə tədrisi üçün hazırladığı proqram (2019) və bir çox elmi məqalələri dərc edilmişdir.
Dövlət televiziyası və digər media vasitələrilə müntəzəm şəkildə klassik Azərbaycan ədəbiyyatı, ədəbi dilimizin tədrisi və təbliği ilə əlaqədar çıxışlar edən Lalə Əlizadə M. Gəncəvi, M. Füzuli və Ə. Vahid adına ədəbi mükafatlara layiq görülmüşdür.
21 mart 2026-cı ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir və Şüvəlan məzarlığında torpağa tapşırılmışdır.
Allah rəhmət eyləsin.
Şərh Yaz