Ötən bəhsimizdə Hacı Rza Sərraf Təbrizinin bir beytində işlənmiş eyham nümunəsini təhlil etdik. Bu dəfə isə başqa bir beytində işlənmiş ədəbi sən’ətlərə nəzər salaq.
Bağban yıxmış yerə şümşadi görcək qəddini
Ğönçə ağzın həsrətindən bağrını qan eyləmiş
(Bağban sənin qəddini görüb öz şümşad ağacını yerə yıxıb. Qönçə isə sənin ağzının həsrətindən bağrını qan eyləyib.)
Beytdə şair vəsf etdiyi gözəlin qəddini şux, uca olduğu üçün şümşad ağacına bənzədir. Qönçə isə çiçəyin hələ açılmamış, ləçəkləri bağlı olan halıdır. Bu xüsusiyyətə görə isə qönçə yarın ağzına bənzədilir. Çünki yarın dodaqları bağlı olduqda zahirən qönçəyə bənzəyir. Bağır sözü qədim türk dilində qaraciyər mənasındadır. Lakin zaman keçdikdə bu sözün mənası genişlənib köks, könül, ürək və s. mənalarını qazanıb. Beytdə işlənmiş qönçə, bağır və qan sözləri arasında qırmızılıq baxımından tənasüb vardır. Beləliklə beyt daxilində “təşbihi-müzmər” sən’əti meydana gəlir. Təşbih (تشبیه) ərəb mənşəli sözdür. Lüğətdə “bənzətmə, oxşatma” mənasını ifadə edir. Müzmər (مُضْمَر) sözü də ərəb mənşəlidir, “gizli, örtülü, açıq şəkildə deyilməyən” və s. mənalarını ifadə edir.
Yəni beytdə bir şey digərinə bənzədilir, lakin bu bənzətmə açıq şəkildə ifadə olunmur. Bənzətmə ədatından, əlamətindən və.s istifadə olunmur. Həm klassik türkdilli divan ədəbiyyatımızda, həm də farsdilli divan ədəbiyyatında Sərraf Təbrizinin beytində işlənmiş bənzətməyə rast gəlmək mümkündür. Yəni qönçə yarın ağzına, şümşad və ya sərv ağacı yarın qəddinə bənzədilir.
Mövlana Məhəmməd Füzuli fars dilli divanında bir qəsidəsinin mətlə beytində yazır:
ای بقد و عارض و خط و لب آشوب جهان
سرو قد و لاله رخ ریحان خط و غنچه دهان
(Ey qəddi, üzü, xətti və dodağı ilə cahanı qarışdıran. Sərv qədli, lalə üzlü, reyhan xətli və qönçə ağızlı)
Şah İsmayıl Xətai yazır:
Qamǝtindǝn münfǝildir sayeyi-sǝrvi-bülǝnd
Hǝsrǝtindǝn ǝrǝri-şümşad olubdur dǝrdmǝnd
(Uca sərv ağacının kölgəsi sənin qamətindən xəcalətli qalıb. Və sənin həsrətindən şümşad ağacı dərdlidir.)
Nümunələrdən göründüyü kimi yarın qəddi sərvə, ağzı qönçəyə və s. bənzədilmişdir.
Hacı Rza Sərraf Təbrizinin müzakirə etdiyimiz beytində “hüsni-tə’lil” sən’ətindən də istifadə olunmuşdur.
Bu sən’ətə bu cür tərif vermək olar: həqiqi səbəbi olan bir hadisəni həmin həqiqi səbəbi ilə yox, başqa bir poetik səbəblə əlaqələndirməkdir.
Hacı Rza Sərraf öz beytində qönçənin bağrının qan olmasının səbəbini vəsf etdiyi gözəlin ağzına olan həsrəti ilə əlaqələndirir. Həqiqətdə isə qönçə çiçək açmağa başladıqda təbiidir ki, qızarsın. Sərraf Təbrizi isə hadisəyə öz təxəyyülü ilə poetik səbəb verir və beyt daxilində “hüsni-tə’lil” sən’ətini meydana gətirir. Bu ədəbi sən’ət növünə Məhəmməd Füzulinin məşhur qəzəllərindən birində bu cür rast gəlinir.
Ey Füzuli qədimiz qıldı fələk xəm yə’ni
Vəqtdir çıxmağa dünya qapısından əgilin
(Ey Füzuli, fələk qəddimizi əydi, yəni dünya qapısından çıxmağın vaxtıdır, əyilin.)
Həqiqətdə insanın qəddinin əyilməsi onun yaşı və yaxud da hər hansısa bir xəstəliyi ilə əlaqədardır. Lakin Məhəmməd Füzuli insanın qəddinin əyilməsini dünya qapısından çıxmaq üçün əyilməsi ilə əlaqələndirir və özünəxas, mükəmməl, ədəbi cəhətdən dolğun səbəb göstərir. Beləliklə “hüsni-tə’lil” sən’əti meydana gəlir.
Hacı Rza Sərraf Təbrizinin müzakirə olunan beytində “təşxis” sən’ətindən də istifadə olunmuşdur. Təşxis inasana xas xüsusiyyətlərin, hərəkətlərin başqa canlılara və ya cansızlara, təbii hadisələrə və.s verilməsidir. Bu beytdə Hacı Rza Sərraf insanın bir şeyin həsrətini çəkib bağrının qan olması xüsusiyyətini qönçəyə aid etmişdir. Qönçə sənin ağzının həsrətini çəkmiş və bağrı qan olmuşdur.
“Təşxis” ədəbi sən’ət növündən də ulu şairlərimiz geniş istifadə etmişlər.
Mövlana Məhəmməd Füzuli Bağdadi yazır:
Səba lütf etdin əhli-dərdə dərmandan xəbər verdin
Təni-məhzunə candan canə canandan xəbər verdin.
(Ey səba, dərd əhlinə lütf edib dərmandan xəbər verdin. Hüznlü bədənə candan, cana isə canandan xəbər verdin.)
Məhəmməd Füzulinin beytində də qasidə, yəni insana məxsus olan xəbər gətirmə xüsusiyyəti səhər küləyinə aid edilmişdir.
Müəllif: Məcid Dövri
Birinci məqalə:
Şərh Yaz