08.05.2026-cı il tarixində Neftçala rayonunun şəhid Nəriman Bəşirov adına Qaçaqkənd kənd orta məktəbində şəhid Teymur Qüdrətoğlu Allahverdiyevin anım tədbiri keçirildi. Tədbirin açılışı zamanı dövlət himni səsləndirildi və şəhidlər bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Ziba Nərimanova və Seyranə Cəfərovanın təşkilatçılığı ilə keçirilən tədbir 9-cu sinif şagirdləri Nəbizadə Əli və Əlizadə Xanımın aparıcılığı ilə davam etdi.
Şəhid Teymur Allahverdiyevin riyaziyyat müəllimi Hüseyn Manafov şəhid haqqında öz xatirələrindən danışdı.
Şəhid Nəriman Bəşirovun qardaşı Qəhraman Bəşirov, Teymur Allahverdiyevi yaxından tanıyan, əməkdar müəllim Kəramət Həsənov, BDU-nun müəllimi, Elmlər Akademiyasının elmi işçisi Nazim Vəlişov, Azərbaycan-Rusiya-Gürcüstan yazıçılar və jurnalistlər birliyinin üzvü, tərcüməçi Giya Paçxataşvili, yazıçı-jurnalist Pünhan Şükürov, “Xəzər nəğmələri” ədəbi birliyinin sədri, şair Zabil Pərviz, “Ədəbi Ovqat” dərgisinin təsisçisi, şair Rəfail Tağızadə, “Əfsun” ədəbi dərgisinin baş redaktoru Təranə Musayeva, şair Cəmaləddin Əjdəroğlu çıxış etdilər.
Şəhid Teymur Allahverdiyevin bacısı filologiya üzrə fəlsəfə doktoru, şair Şəfa Qüdrətqızı Muradova və şəhidin qardaşı rəssam Sehran Allahverdi qardaşı haqqında olan xatirələrini bölüşdü və şeirlər səsləndirdilər.
Mərhum Hacı Mailin tələbəsi qiraətçi Mahmənzər Hüseynzadənin Şəfa Qüdrətqızının “Bir ana ağlayır” şeirinə hazırladığı qiraət-rolik göstərildi.
Əhədova Səda, Abaslı Ayan, Hüseynzadə Rüqəyya “Bağışla, ay ana, gələ bilmədim” şeirini səsləndirdilər.
Həsənli Əli “Can, ey şəhid” kompazisiyasında solo ifa etdi, Səfərzadə Əli “Anacan” mahnısını oxudu.
8b sinfinin şagirdi Əliyeva Yağmur Sehran Allahverdinin “Yalandı Şuşam” şeirini səsləndirdi.
5a, 7 və 8b şagirdləri çıxış etdilər.
10-cu sinif şagirdi Abışov Fikrət şəhid haqqında geniş məlumat verdi.
AMİN İctimai Birliyinin sədri, BDU Elmi Kitabxanasının Baş biblioqrafı Seyyid Əsri çıxışı zamanı AMİN İB-nin “Mərifət inciləri” məcmuəsinin şəhid Teymur Allahverdiyevin simasında Qarabağ müharibəsi şəhidlərinə həsr etdiyi, şəhidin şeirləri çap olunan 5-ci nömrəsi haqqında məlumat verdi və bədii hissədə Ustad Seyyid Ümminin şəhidlərin şəninə yazdığı şeirləri səsləndirdi.
AMİN İctimai Birliyinin və “Vəfa ədəbi məclisi”nin üzvü Aydan Əhdi şəhidin “Dünya” adlı sərbəst şerini və Ceyhun Səccadın “Ey tazə bitən qönçə, açıb yasəmən oldun” misrası ilə başlayan qəzəlini qiraət etdi.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən ibarət muğam üçlüyünün ifaları da tədbirə xüsusi rəng qatdı. Belə ki, ustad xanəndə Məmməd Nəcəfovun tələbəsi Nurlan Səfər mərhum şair Hacı Mail Əliyevin “Vətəndir” və Arif Buzovnalının “Şəhidsən sən” rədifli şeirlərini muğamda ifa etdi. Onu kamançada Orxan Hüseynov, tarda Nihad Quliyev müşaiyət etdilər.
AMİN İctimai Birliyinin və “Vəfa ədəbi məclisi”nin üzvü Selcan Təvvabi şəhidin “Dəniz düşüncələri” adlı şeirini və mərhum şair Əlibala Səyyahın “köynək” rədifli qəzəlini qiraət etdi.
Sonda xatirə şəkli çəkildi.
Şərh Yaz