Ana Səhifə VƏFAlılar Məcid Dövri – “Vəfa” Ədəbi Məclisinin üzvü
VƏFAlılar

Məcid Dövri – “Vəfa” Ədəbi Məclisinin üzvü

Paylaş
Paylaş

Mütəllib Məcid Kamran oğlu 30.06.2006-cı il tarixində Bakı şəhəri Biləcəri qəsəbəsində dünyaya gəlmişdir. Əslən Bakının Xocahəsən kəndindəndir. 2012-2023 cü illərdə Corat qəsəbəsi 7 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdiyi il Bakı Dövlət Universitetinə daxil olub. Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alır. Əlavə sənət olaraq, zərgərliyin bir sahəsi olan qızıl cilaçılığı ilə məşğuldur. “Dövri” təxəllüsü ilə əruz vəznli şeirlər yazır. AMİN ictimai birliyinin üzvüdür. Həmin birliyin sədri, tədqiqatçı-şair Seyyid Əsrinin tələbəsidir.

QƏZƏLLƏR

Könül vəfa güdən olsan ol ahənindildən
Həlak olmağı sən al qərarə əvvəldən

Vəfa edərdisə hər dəm vuran vəfadən dəm
Həray çəkməz idim mən də qəlbdən dildən

Həqiqəti sevən adəmdə inkişaf gərək
Bəşər ölər o zaman ki qalar təkamüldən

Çalış sözünlə ürəklərlə irtibat eylə
Şeir degil ki ibarət quru məfaildən

Sənə əta olunandan əta et özgəsinə
Özüylə kim aparıb yığdığı mədaxildən

Bir aləmin təməlin məhv edər rəva görmə
Bir adəmi duta bir kəs kənar təhsildən

Ölüncə və yaşayınca qəm eyləməz Dövri
Vəfanı öyrənə bilsəydi Hacı Maildən

***

Bu gün bütün gecələrdən nişan olan gecədir
Xəyali-vəsl ilə əşkim rəvan olan gecədir

Vəfa müdərrisi xətm eyləyib bu gün dərsin
Təmam əhli-vəfa imtəhan olan gecədir

Səhər-səhər eləyir ah binəva bülbül
O bivəfa gülə həmdəm tikan olan gecədir

Gözətlədikcə yolun vəslə nəğmələr qoşdum
Bu şəb tədarüküm əmma ziyan olan gecədir

Ya hicr ilən yaşarıq ya həlak olub gedərik
Zəmanə əhlinə axirzəman olan gecədir

Məhəbbət əhli sədaqətlə müstəcab olmuş
O laməkanə könüllər məkan olan gecədir

Açınca yar ürəgin dürr dökmüş ağzından
Məhəbbət aşiqə şərh ü bəyan olan gecədir

Səninlə yoxdu fəqət Dövri aşina bu gecə
Bəlalı min gecə içrə yəman olan gecədir

***

Təxmis (Əliağa Vahid)

Bu çərx qarəyaxıb şanü nam alır məndən
Zəmanə al ilə eylir dəvam alır məndən
Əcəl bu ömrə veribdir xitam alır məndən
“Fələk büküb belimi intiqam alır məndən
Əduni gör ki bu halətlə kam alır məndən”

Gecə bu bəzm mənə saqidən həvalə idi
Xumar gözlü nigarim düşün qəzalə idi
Qədəh-qədəh mey içirdim ləbi şəlalə idi
“Mənimlə daim o kəslər ki həmpiyalə idi
Nə cam lütf edir indi nə cam alır məndən”

Bulaşsa kibrə əgər şəxs ol degil xalis
Çü qilü qalə təkəbbür olur fəqət bais
Təkəbbür əhlinə et sadəlik könül tədris
“Qürura mail olub bəzi həmdəmi-naqis
Nə bir səlam verir nə səlam alır məndən”

Bəyaz bəxtə vurubdur bu çərx qarə ləkə
Əzabü möhnət ilən zəxmlər salıb ürəkə
Hənuz zənn eləməm cövr oxun kənarə çəkə
“Soruş ki neyləmişəm mən bu mehrsiz fələkə
Nə varsa səbrü qərarım təmam alır məndən”

Görüm bu dəhr dağılsın məqamdən düşsün
Vəfası yoxdur onum ehtiramdən düşsün
Fələk dəxi şaşırıb intizamdən düşsün
“Nizamı gərdişi-çərxin nizamdən düşsün
Nizami-işrətimi binizam alır məndən”

Rəqiblər mənə tən eylir ahimə rəğmən
Zəbani-halımı gör dust bul mənə mədfən
Pərişan olmağıma olmaz aşinalər şən
“Mənim bu halımı gördükcə şad olur düşmən
Sanır qisasə tapıbdır məqam alır məndən”

Bu qarə ömr ilə zənn etmə kim xoş iqbaləm
Bəlayi-çərx ilə Dövri fəqət bədəhvaləm
Əgərçi fərşdən ərşə ucalsa da naləm
“Mətai-şe’r ilə Vahid həmişə xoşhaləm
Vətən çocuqları şirin kəlam alır məndən”

Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Əsgər Safi
VƏFAlılar

Əsgər Safi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Babayev Əsgər Asif oğlu 2008-ci ildə Bakı şəhərində anadan olub. Hal-hazırda Bakı...

VƏFAlılar

Əliqulu Yari – “Vəfa” Ədəbi Məclisinin üzvü

Abuşov Əliqulu Coşqun oğlu 1998-ci il 11 oktyabr Bakı şəhərində anadan olub....

Azər Ərzi
VƏFAlılar

Azər Ərzi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Azər Ərzi (Osmanlı Azər Azad oğlu) 1 yanvar 2000-ci ildə Astara rayonunda...

VƏFAlılar

İmran Səbri – “Vəfa” Ədəbi Məclisinin üzvü

Sabirov İmran Eldəniz oğlu 14 iyun 2007 ci ildə ŞAMAXI şəhərində doğulmuşdur....