Ana Səhifə VƏFAlılar Seyyid Əsri – AMİN İctimai Birliyinin sədri
VƏFAlılar

Seyyid Əsri – AMİN İctimai Birliyinin sədri

Paylaş
Paylaş
Heydərli Məcid Seymur oğlu 15.03.1994-cü il tarixində Bakı şəhərində anadan olub. Əslən Qarabağ seyyidlərindəndir. 2000-2011-ci illərdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən S. Abbasov adına 117 saylı orta məktəbdə təhsil alıb. 2011-ci ildə Bakı İslam Universitetinə daxil olub, 2015-ci ildə həmin universiteti “Dinşünaslıq” ixtisası ilə bitirib.
On dörd yaşından Seyyid Əsri ədəbi imzası ilə əruz vəznli şe’rlər yazır. Mərhum Füzulişünas şair Hacı Mail Əliyevin ən xas yetirməsi olan ustad Seyyid Ümminin tələbəsidir.
2017-ci ildən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə mətnşünaslıq yönündə müstəqil surətdə əməkdaşlıq etməkdədir. “Səməd Mənsur. Şeirlər, felyetonlar, pyeslər” (“Şərq-Qərb”. 2020) kitabının həmmüəllifi (mətnşünas alim Sona Xəyal ilə), “Kərbəlayi Muxtar Bisəvad. Əsərlər” (2017), “Mirzə Ağadadaş Müniri. Əsərlər” (2018), “Məhəmməd Nidai. Kitabi-tibbi-mənzum” (2019) kitablarının redaktorudur.
Ərəb və fars dillərindən klassik ədəbiyyat nümunələrinin mənzum tərcüməsi ilə məşğuldur. “Dünya ədəbiyyatı” dərgisinin 2016-cı ildə nəşr olunan “Oman ədəbiyyatı” buraxılışındakı mənzum tərcümələrin müəllifidir. Həmçinin “Ədəbiyyat” qəzetində Seyyid Məhəmmədhüseyn Şəhriyarın qəzəlləri (25.11.2017 №42-43 (5113/14)) və omanlı şair Şeyx Hilal əs-Siyabinin qəsidəsi mənzum tərcüməsində çap edilib (27.01.2018 №3 (5126)). “Mə’rifət inciləri” ədəbi-irfani məcmuəsinin ilk sayında gedən Şeyx Əttar Nişapurinin “Əsrarnamə” məsnəvisinin münacatından bir hissənin bədii tərcüməçisidir (2020 №1). 2025-ci ildə “Fidan çiçəkləri” adlı kitabı nəşr edilmişdir.
26.05.2025 tarixində BDU-nun Şərqşünaslıq fakültəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçı və magistrantların “Şərq filologiyası məsələləri” mövzusunda respublika elmi konfransında “Divan ədəbiyyatımızdakı müqəddəs əmanət – EŞQ” adlı mə’ruzə ilə çıxış edib.
Mütəmadi olaraq elmi və dövri mətbuatda divan ədəbiyyatı və bəlağət fənləri, fəlsəfə, cəmiyyətşünaslıq və s. mövzularda tədqiqi məqalələri dərc edilir. 2021-ci ildən BDU Elmi Kitabxanasının baş biblioqrafı vəzifəsində çalışır.
Hazırda Azərabaycan Milli İnkişafı Naminə (AMİN) ictimai birliyinin sədri, birliyin layihələrindən olan “Mə’rifət inciləri” adlı ədəbi-irfani məcmuənin tə’sisçidir.
QƏZƏLLƏR
Duta bilmürkən o Şirin ü bu Leyla ətəgin
Dutdı Fərhad ilə Məcnun dağ ü səhra ətəgin
Ey mən eyvaninə heyran görün kəlmələşək
Musiyəm əglənürəm Turi-təcəlla ətəgin
Eşq baş çəksə salar hüsn ayağa Yusifinin
Dutdı öncə yaxasın sonda Züleyxa ətəgin
Vəh nə məhşərdü bu ihya gecəsi məsciddə
Yenə çəkmiş başına vaizi-rüsva ətəgin
Dürdi qalxar yüzinə şur ilə çalxansa şərab
Dür çıxar yə’ni ki silkərsə bu dərya ətəgin
Öylə qapdım ətəgin ol qara donlu sənəmin
Haci qapmaz belə heç Kə’beyi-ülya ətəgin
Əsri yaşım silə bilməz fələki-ətləs də
Haşəlillah əlimdən üzə Mövla ətəgin
***
Qələm istər ki xətün hərf ilə etsün tə’rif
Yoxmı vəhmi bu hərifin edə nagəh təhrif
Yaslanam kölgənə derdim günəş üzlü sərvim
Zərrəcə kölgəsi yoxmış qədinin öylə lətif
Baş qoyub səcdə edəm derdim ayağın izinə
Yoluna qoymaz imiş iz qədəmün onca xəfif
Yüz sənəm gər məni min dinə çəküb leyk mənə
Eşqinin gözləməgim şər’in olub dini-hənif
Əgər əğyarin əlindən edər olsan hicrət
Gəzmə bir ğeyr mədinə könülə ver təşrif
Nur me’racinə getdün güni ayi ötdün
Bəşər etməz mələkim hüsnüni kamil tövsif
Qalibi-şe’rimə can zikridü Əsri yoxsa
Nəmə lazimdü ki boş qafiyə vü vəzn ü rədif
***
Ümid bəxş et İlahi vüsal üçün bu səhər
Fəraqə son səhər olsun məlal üçün bu səhər
Özün tikanə vurar duysa binəva bülbül
Həzin nəvamı gülən gül cəmal üçün bu səhər
Şirin-şirin dodağınçün yazanda vəsf qələm
Arı görüb bayılar çıxsa bal üçün bu səhər
İki göz istər edə seyr şehli nərgis tək
Gözündə eynəki cah ü cəlal üçün bu səhər
Səlamı gün kimi doğdu səbadı söyləyərdim
O can verən necəsən tək sual üçün bu səhər
O gün gələ görüşə də’vət eyləyim o gülü
Desin haçan deyim onda misal üçün bu səhər
Fidanı söyləsin ey Əsri mən səni sevirəm
Uğurlu çağdır İlahi məcal üçün bu səhər
Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Əsgər Safi
VƏFAlılar

Əsgər Safi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Babayev Əsgər Asif oğlu 2008-ci ildə Bakı şəhərində anadan olub. Hal-hazırda Bakı...

VƏFAlılar

Əliqulu Yari – “Vəfa” Ədəbi Məclisinin üzvü

Abuşov Əliqulu Coşqun oğlu 1998-ci il 11 oktyabr Bakı şəhərində anadan olub....

Azər Ərzi
VƏFAlılar

Azər Ərzi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Azər Ərzi (Osmanlı Azər Azad oğlu) 1 yanvar 2000-ci ildə Astara rayonunda...

VƏFAlılar

İmran Səbri – “Vəfa” Ədəbi Məclisinin üzvü

Sabirov İmran Eldəniz oğlu 14 iyun 2007 ci ildə ŞAMAXI şəhərində doğulmuşdur....