Ana Səhifə VƏFAlılar Azər Ərzi – “Vəfa” Ədəbi Məclisinin üzvü
VƏFAlılar

Azər Ərzi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Paylaş
Azər Ərzi
Paylaş

Azər Ərzi (Osmanlı Azər Azad oğlu) 1 yanvar 2000-ci ildə Astara rayonunda anadan olub. Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (bakalavr) və Bakı Avrasiya Universitetinin Azərbaycan ədəbiyyatı (magistratura) ixtisaslarında təhsil almışdır. Bakı şəhəri 334 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərir.

Kiçik yaşlarından ədəbiyyata maraq göstərmişdir. Əsasən, əruz vəznində olmaqla, müxtəlif tərzlərdə Azərbaycan və talış dillərində şe`rlər yazır. Həmçinin, klassik və müasir farsdilli və ingilisdilli ədəbiyyatın bir sıra nümunələrini Azərbaycan dilinə tərcümə etmişdir. Şe`r və tərcümələri Azərbaycanın və Türkiyənin bir neçə jurnal, qəzet və saytlarında çap olunmuşdur.

Bədii yaradıcılıqla yanaşı, elmi tədqiqatla da məşğul olur. “Ruhi Bağdadinin poetikası” adlı magistrlik dissertasiyasının və bir neçə məqalənin müəllifidir.

PƏLTƏKNAMƏ

Molla Niyaz Niyazi Ərəşlinin

“Şə-şə-şə-şəha, cəmalın kə-kə-kə-kəmal olubdur,
Lə-lə-lə-bin şərabı zü-zü-zü-zülal olubdur”

mətləli qəzəlinə nəzirə

Xə-xə-xə-xəyalım, ey məh, vü-vü-vü-vüsal olubdur,
Vü-vü-vü-vüsalın, ey şəh, xə-xə-xə-xəyal olubdur.

Bi-bi-bi-bizi ayırdı fə-fə-fə-fələk nə asan,
Sə-sə-sə-sənə qovuşmaq mə-mə-mə-məhal olubdur.

Su-su-su-sual edirsən, bə-bə-bə-bəla cəvabım,
Sə-sə-sə-səfası eşqin su-su-su-sual olubdur.

Hə-hə-hə-həyatıma sən hə-hə-hə-həram qatdın,
Mə-mə-mə-mənə yemək qəm hə-hə-hə-həlal olubdur.

Qə-qə-qə-qəmər, nigarım, ü-ü-ü-üzün görəndə
U-u-u-utandığından hi-hi-hi-hilal olubdur.

Ö-ö-ö-özün əlindən vü-vü-vü vüsalı verdin,
Nə-nə-nə-nə qədr, Ərzi, mə-mə-mə-məcal olubdur.

***

Ey İsadəm, yenə gördüm gözün əksin şərab üzrə,
Bütün dünyanı tutdu göz yaşım, gəz indi ab üzrə.

Müqəddəs müshəfi-rüxsarını Qur’anə bənzətdim,
Günəhkarəmmi, bilməm, ey büti-tərsa, kitab üzrə?

Üzündə qaşların görcək düşübdür heyrətə ellər,
Təəccüb yox, görüblər cüt hilali afitab üzrə.

Yetər min zövq bir zülmündən, ey zalim, mənə hərdəm,
Yazar zülmün mələklər dəftərə bir-bir səvab üzrə.

Öləndə aşiqin çün eyləyərlər dəfn kuyində,
Qoyar baş sən ayağın qoyduğun əqdəs türab üzrə.

Sual etdin, bəlanı öz dilimlə mən qəbul etdim,
Mənə yüz min bəla verdin, əzizim, bir cəvab üzrə.

Gecə rö’yadə gördüm, yar üzə tökmüş qara zülfün,
Görünmür, Ərzi, iqbalimdə bir ağ gün bu xab üzrə.

SEYYİD ƏZİM ŞİRVANİNİN QƏZƏLİNƏ TƏŞTİR

“Kim ki istər, özünü sərvəri-əyyam eləsin,”
Hörmətü izzətini aləmə e’lam eləsin,
Özünü yalvarıban saqiyə bədnam eləsin,
“Dəri-meyxanəni öpsün, tələbi-cam eləsin”.

“Abi-Kövsərdə mənim hər nə nəsibim varsa,”
Çatmasın qoy mənə axər, nə nəsibim varsa,
Qismətim eyləməsin, gər nə nəsibim varsa,
“Döndərib Rəbbim onu badeyi-gülfam eləsin”.

“Yar gəldi, hamı öz dərdinə məşğul oldu,”
Hamının qəlbi qədəhtək meyi-qəmlə doldu,
Hamının əqli çıxıb başdan, uçub sovruldu,
“Qalmadı kimsə ki, əhvalıma əncam eləsin”.

“Sən nə kutahsən, ey şami-visali-dilbər,”
Bitmə nagah sən, ey şami-visali-dilbər,
Ömrümə şahsən, ey şami-visali-dilbər,
“Həq mənim ömrümü kəssin, sənə ən’am eləsin”.

“Zülfi xəttin gətirir arizinə cananın”,
Bəlkə, bərpa edəcək aşiqinin imanın?
Bilmək olmur işini mö’cüzəli dünyanın,
“Kafər istər, əcəba, kafəri islam eləsin?”

“Olsa nakamlığım gər o pərinin kamı,”
İstəməm, kamə yetib mən də tapım aramı,
Könlümə əl yetirib çəkməyə hiç əncamı,
“Dili-divanəmi Həq dəhrdə nakam eləsin”.

“Seyyid ol zülfü rüxündən ki hekayət söylər,”
Harada gər əlinə düşdüsə fürsət, söylər,
Dildə, Ərzi, gecə-gündüz edib adət söylər,
“İstəyir kim, günün ol vəch ilə axşam eləsin”.

Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Əsgər Safi
VƏFAlılar

Əsgər Safi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Babayev Əsgər Asif oğlu 2008-ci ildə Bakı şəhərində anadan olub. Hal-hazırda Bakı...

VƏFAlılar

Əliqulu Yari – “Vəfa” Ədəbi Məclisinin üzvü

Abuşov Əliqulu Coşqun oğlu 1998-ci il 11 oktyabr Bakı şəhərində anadan olub....

VƏFAlılar

İmran Səbri – “Vəfa” Ədəbi Məclisinin üzvü

Sabirov İmran Eldəniz oğlu 14 iyun 2007 ci ildə ŞAMAXI şəhərində doğulmuşdur....

VƏFAlılar

Aydan Əhdi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Aslanlı Aydan Mahir qızı 11 iyul 2005-ci ildə Bakı şəhərində dünyaya gəlib....