Ana Səhifə VƏFAlılar Məhəmməd Nuri – “Vəfa” Ədəbi Məclisinin sədri
VƏFAlılar

Məhəmməd Nuri – “Vəfa” Ədəbi Məclisinin sədri

Paylaş
Paylaş
Məhəmməd Nuri 12 fevral 1996-cı ildə Beyləqan şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Klassik üslubda şeirlər yazmaqla yanaşı, fars, rus və özbək dillərindən bədii tərcümələr edir. Füruğ Fərruxzad, Əhməd Şamlu, Anna Axmatova, Marina Svetayeva, Sadiq Hidayət, Şükufə Azər, Huşəng Ebtehac, Firidun Müşiri, Simin Behbəhani, Nüsrət Rəhmani, Mənuçöhr Atəşi, Gülrüxsar Şəfiyeva və digər müəlliflərdən çevirdiyi nümunələr “Ulduz” jurnalı, “Dünya ədəbiyyatı” dərgisi, “Ədəbiyyat qəzeti”, “Kaspi” qəzeti və digər mətbu orqanlarda işıq üzü görüb. “Dostun evi hardadır?” (2017) adlı modern İran şeiri antologiyasının müştərək tərcüməçilərindən biridir. 2026-cı ildə onun tərcüməsində Mana Ağayinin “Gecə monoloqu” kitabı nəşr edilmişdir. Bir müddət Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Mədəni İrs və Mənbəşünaslıq şöbəsində çalışıb. Hal-hazırda Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsində magistratura təhsili alır və bədii yaradıcılıqla, elmi tədqiqat və filoloji tərcümə ilə məşğul olur.
Azərbaycan Milli İnkişafı Naminə (AMİN) İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “VƏFA” ədəbi məclisinin sədri, “Mə’rifət inciləri” adlı ədəbi-irfani dərginin redaktorudur. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür (2025).
QƏZƏLLƏR
Lalə olubdur ey gül eşqində bağrı dağlı
Bir qırmızı çadırdır daim qara-qonağlı
Hər dəm deyə acı söz ay canla ver cavabın
Bəlkə bizə acıyar ey dil o bal dodağlı
Yandım sənin odunda Tuba mənə odundur
Ey sərvqəd mənimçün cənnət degil marağlı
Gah qarə zülfün etdim gah da o ay üzün vəsf
Ömrümdə səbt olundu günlər qaralı-ağlı
Bağlar məni saçın ey ahugözüm əlindən
Bir ov qaçarmı olsa daim ayağı bağlı?
Bağlandım eşqinə ta dağlandı qarə bağrım
Ey lalə, dağlısanmı yainki qarəbağlı?
Bir şəm’tək alışdı söndü deyərsən ey dost
Nurini axtararsan gündüz əli çırağlı
***
Çəkdigim nalələr səlatə dönər
Tökdügüm göz yaşı zəkatə dönər
Üzün ansam gözəlləşər öz üzüm
Sözün açsam dilim nəbatə dönər
Sənsizin hər günüm günahə batar
Sənlə hər bir gecəm bəratə dönər
Mənə sənsiz sögüşdü alqış da
Sənlə qarğış da iltifatə dönər
Ölü öpsə o can alan dodağı
Dil açar yengidən həyatə dönər
O mübarək hilaldən aralı
Gözlərim Dəcləvü Fəratə dönər
Sənə ey Nuri sonda yar qalar
Ondan özgə təfərrüatə dönər
MƏSNƏVİ
Tutdu ev bir fəqih qalmaq üçün,
Yayda qışda başını salmaq üçün.
Gecə ta düşdü qalxdı bir rüzgar,
Saldı səs dam, təvan, qapu, divar.
Yummadı göz gözün açınca səhər,
Səhər ev sahibinə verdi xəbər:
– Acilən eylə bu evi tə’mir!
Uçacaqdır başıma, gör tədbir!
Gecələr səs salır təvanı evin,
Çıxacaq az qalır ki, canı evin.
Dedi ev sahibi: – Çox eyləmə fikr,
Tanrını ev bu səslə eylər zikr.
Güc gələrsə gecə sənə qorxu,
“Səbbəhə lillah” ayəsin get oxu.
Ev bu səslə Xudanı zikr eylər,
Rəbbi-ərz ü səmanı zikr eylər.
Bəhsdə çün fəqih mahir idi,
Bu sözə həm cəvabı hazir idi.
Dedi: – Zikr eylər, e’tirazım yox,
Leyk bu fikr qorxudur məni çox.
Qorxuram bir gecə gəlib vəcdə,
Zikrdən sonra eylər ev səcdə.
Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Əsgər Safi
VƏFAlılar

Əsgər Safi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Babayev Əsgər Asif oğlu 2008-ci ildə Bakı şəhərində anadan olub. Hal-hazırda Bakı...

VƏFAlılar

Əliqulu Yari – “Vəfa” Ədəbi Məclisinin üzvü

Abuşov Əliqulu Coşqun oğlu 1998-ci il 11 oktyabr Bakı şəhərində anadan olub....

Azər Ərzi
VƏFAlılar

Azər Ərzi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Azər Ərzi (Osmanlı Azər Azad oğlu) 1 yanvar 2000-ci ildə Astara rayonunda...

VƏFAlılar

İmran Səbri – “Vəfa” Ədəbi Məclisinin üzvü

Sabirov İmran Eldəniz oğlu 14 iyun 2007 ci ildə ŞAMAXI şəhərində doğulmuşdur....