Ana Səhifə VƏFAlılar Əsgər Safi – “Vəfa” Ədəbi Məclisinin üzvü
VƏFAlılar

Əsgər Safi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Paylaş
Əsgər Safi
Paylaş

Babayev Əsgər Asif oğlu 2008-ci ildə Bakı şəhərində anadan olub. Hal-hazırda Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Filologiya (ərəb dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alır. Safi təxəllüsü ilə şe’rlər yazır. “Şəhidi döyüşə vətən aparır” (2025) şe’rlər kitabı nəşr edilib.

Bugünkü mənzərə bir növ həzin nəhayətdir,
İlahi möhlətinin bitdiyi fəlakətdir,
Göründü bir gül uzaqdan deyildi cənnətdir,
Nə boy-buxundu bu onda, nə qədd-qamətdir?!
Namaza qalxdı nigarım, əcəb qiyamətdir.

Üzündə bariz olan indi ayədir, ayə,
Yığıldı sanki mələklər də ol tamaşayə,
Bu göstəriş yenə cəlb etdi xalqı Sinayə,
Bir anda aləm üçün çevrilib Məsihayə,
Namaza qalxdı nigarım, əcəb qiyamətdir.

Onun bərabəri var cənnət adlı gülşəndə?!
Odur İlahi təcəlla əyan olan bəndə,
Odur ki, zatı bütün bağlanır Xudavəndə,
Şükür, sədasını yaymaqla ta bizim kəndə,
Namaza qalxdı nigarım, əcəb qiyamətdir.

Olunca sevdiyimin yollarında yoldaşı,
Tükəndi gözlərimin qanlı, qanlı göz yaşı,
Göründü, saldı gözümdən o şux daş-qaşı,
Bu əsr üçün yeni mizanı qurdu göz-qaşı,
Namaza qalxdı nigarım, əcəb qiyamətdir.

İlahi söyləməyib sanki “Ləntərani” bu gün,
Qəribə nura yetirmiş bütöv cahanı bu gün,
Edəndə xəlqə behişt üzlü əl-əmanı bu gün,
Gətirdi heyrətə dünyavü asimanı bu gün,
Namaza qalxdı nigarım, əcəb qiyamətdir.

Xilas edər səni, məncə, məhəbbətin, Safi,
Çalış ki, olmasın əsla şikayətin, Safi,
Bu kainatı tutub ətri cənnətin, Safi,
Çatarmı görməyə indi ləyaqətin, Safi?!
Namaza qalxdı nigarım, əcəb qiyamətdir.

***

Ey gözəl çöhrəsinin qanlı gözüm heyranı,
Nə gözəl, eşqinə xatir verə bilsəm canı.

Bükməmiş qəddimi dərdinlə fələk, ey dilbər,
Canım olsun ol əlif qamətinin qurbanı.

Saçın açdıqca yayır müşk misalında ətir,
Sanki Çindən gətiriblər bu gözəl ceyranı.

Heyf kim, baxmadı əhvalıma, üz döndərdi,
Gözlərimdən süzülərkən bu yazın leysanı.

Mənə şah taxtı verərdin nökərin bilsəydin,
Ey gözəllik deyilən səltənətin sultanı.

Şükür Allaha, əzizim, şükür Allaha yenə,
Ki, qapındır bu gün ilhamımın ilk ünvanı.

Bir çıxaydın sevinəydim, neçə gündür ki, gülüm,
Görürəm, güllə bəzənmir evinin eyvanı.

Saçının dalğası zəncirə çəkir insanı,
Gözünün işvəsi əllərdən alır imanı.

Məğzi sənsən deyə saf eylədi şe’rin Safi,
O mübarək mələyin yoxdu dedi nöqsanı.

***

Tanrıdan dönmüş, pəri, dünyavü mafiha üzün,
Heç utanmaz göstərər məğrurtək amma üzün.

Ey peyəmbərzadə, hicranından ağlar gözlərim,
Sən gedəndən bir qaranlıq bağlayıb dünya üzün.

Sənsən ümmidim nə etsəm, and verrəm eşqimə,
İstəyim yoxdur görüm bir qeyrinin əsla üzün.

Dilbərim, səndən nigaran ollam ondan lap betər,
Hər xəyal etdikcə rahi-Şamdə Leyla üzün.

Şəm’tək yanmağıma rişxənd ediblər, ey İmam,
Görmüşəm hicrinlə dünyanın hər istehza üzün.

Gəl rəva görmə gözüm qan ağlasın, görsən bir az,
Gizlədir qəsdən deyirlər ol mələksima üzün.

Zahida, mən yarı gördüm, göstərirdi nurunu,
Sənsə, sandın hirsidir tutmuş tamam Sina üzün.

Sevdiyin neyçün səni görməz bilərdin bəlkə də,
Əsgəra, bir güzgüdə düşsəydi napeyda üzün.

Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
VƏFAlılar

Əliqulu Yari – “Vəfa” Ədəbi Məclisinin üzvü

Abuşov Əliqulu Coşqun oğlu 1998-ci il 11 oktyabr Bakı şəhərində anadan olub....

Azər Ərzi
VƏFAlılar

Azər Ərzi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Azər Ərzi (Osmanlı Azər Azad oğlu) 1 yanvar 2000-ci ildə Astara rayonunda...

VƏFAlılar

İmran Səbri – “Vəfa” Ədəbi Məclisinin üzvü

Sabirov İmran Eldəniz oğlu 14 iyun 2007 ci ildə ŞAMAXI şəhərində doğulmuşdur....

VƏFAlılar

Aydan Əhdi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Aslanlı Aydan Mahir qızı 11 iyul 2005-ci ildə Bakı şəhərində dünyaya gəlib....