Aslanlı Aydan Mahir qızı 11 iyul 2005-ci ildə Bakı şəhərində dünyaya gəlib. Hazırda BDU Filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsilini davam etdirir. AMİN İctimai Birliyinin üzvü olub Əhdi təxəllüsü ilə şe’rlər yazır.
QƏZƏLLƏR
Qəmi-eşqin dili-viranəni ünvan etdi,
Dərdimə çarə bulub neylədi loğman etdi.
Saqi bir badə gətirdin məni sirab eləsin,
Nə rəvadır susuzam mey məni ətşan etdi.
Eylədin kafərə tə’limi-ədayi-eşqi,
Döndü Həqqin yoluna eşqinə iman etdi.
Pis nəzərdən çəkinər həm də niqabın örtər,
O səbəb yar üzünü özgəyə pünhan etdi.
Görmə hərzə kiçilib zərrələşən zərrələri,
Çünki himmətlə bir ad muri-Süleyman etdi.
Yox əcəb gər yoluna başımı qoysam Canan,
Eydi-əzhada Səninçün hamı qurban etdi.
Əhdi bir dilbəri qəlbimdə əziz eyləyəli,
Salınan yurdumu yıxdı vəli səhman etdi.
***
Ey gözəl gözlü nigarım Sənə mən can demişəm,
Hikmətin dərk eləyib qətrənə ümman demişəm.
Qoymusan hicrin ilə qəlb evim abad olsun,
Sən varan hüzn evinə rövzeyi-Rizvan demişəm.
Nə olar dərdi tapıb çölləri Məcnunla gəzəm,
Leylimə vardığım ol gün məni qurban demişəm.
Şani-Fərhad ilə Vərqanın adı əskildi,
Xəlqimə tazə olan eşqimi dastan demişəm.
Mən kiçik Sən böyüyün lütfünə bel bağlamışam,
Ətəyindən yapışıb sidq ilə sultan demişəm.
Dilbəra gözlərimin yaşı öpür səcdə yerin,
Şükr kim bəndən olub mən Sənə Sübhan demişəm.
Əhdimə olsa xilafım yenə gəl rəhm eylə,
Sənə Rəhman,Sənə Sübhan,Sənə Hənnan demişəm.
***
Sən çıxıb seyrə gül üzlüm məni lal eyləmisən,
Laləyə dağı vurub qönçəni al eyləmisən.
Ey qılıc qaşlı həcər gözlü gözəl dur getmə,
Gəlişinlə gözəlim qanlı qital eyləmisən.
Hicrinə dözməyimə məndə dözüm yoxdu fəqət,
Nazını çəkməyimi adət ü hal eyləmisən.
Boyun olmazdı qulun dəhrə qonaq gəlməyi sən,
İçirib eşq meyin sonra sual eyləmisən.
Bir dəmirçi hünəri vardı qızıl əllərdə,
Əlif idi qədimi gör necə dal eyləmisən?!
Qaç görüş vəqtidir Əhdi səni gözlər Yarın,
Sözünü tutmağına yaxşı məcal eyləmisən.
Şərh Yaz